Yaxud sinəsinə qərənfil taxıb, boynuna narıncı şərf bağlayan və başına molla əmmaməsi qoyan radikallar indi də "maydanlaşmaq" iştahasına düşmüşdülər
Məlum olduğu kimi, Ukraynada qanlı toqquşmalardan sonra siyasi elitada dəyişikliklər oldu, prezident və parlament seçkilərinin vaxtı təyin edildi, yeni spiker, hökumət başçısı seçildi və s. Yəni baş verən hadisələr pərdəarxası güclərin savaşının təzahürü kimi meydana çıxsa da, yenə də əziyyət çəkən və inkişafdan geri qalan Ukrayna dövləti və xalqı oldu. Azərbaycan xalqı hər zaman dost və qardaş xalqlara sabit və fasiləsiz inkişaf arzulayır və bunun üçün əlindən gələni əsirgəmir. Amma bu hadisələrə sevinənlər də oldu, elə bizim qaragüruhçularımız - radikal müxalifətimiz kimi.
Azərbaycanın radikal müxalifəti sosial şəbəkələrdə sanki bayramda sevindikləri kimi Ukraynadakı qanlı hadisələrdən xoşhallanıb bir-birini təbrik ediblər. Amma başa düşmürlər ki, onların bu sevincək addımları müxalifət haqqında olan mənfi təsəvvürü daha da pisləşdirir. Çünki ictimaiyyət bir daha görür ki, Azərbaycanın radikal müxalifəti hələ də meydan təfəkkürü ilə yaşayır və ona qan lazımdır. Bir daha cəmiyyətimiz əyani şəkildə görür ki, radikal müxalifət təmsilçiləri sosial dəstəyi olmayan bir yığından ibarətdir və onların sivil siyasi mübarizədən təsəvvürü yoxdur...
Əlbəttə ki, bu cür düşüncələrin meydana gəlməsi də təsadüfi deyil. Ona görə ki, radikal müxalifət Azərbaycanın modernləşməsi və inkişafı fonunda sosial dəstəkdən məhrum olması və iqtidarla xalq arasındakı sarsılmaz münasibətlər ucbatından uzun müddətdir ki, anti-Azərbaycan dairələrinin direktivlərilə işləyirlər. Bu səbəbdən də, 2003-cü ildə Gürcüstan hadisələrindən həvəsə düşərək sinələrinə qərənfil taxaraq, Bakı şəhərində qanlı toqquşmalar yaratdılar. O zaman radikal müxalifətin hansı qüvvələr tərəfindən hərəkətə gətirilməsi də cəmiyyətə aydın idi. Onlar 2004-cü ildə də Ukrayna hadisələrindən "ruhlandılar" və anti-Azərbaycan dairələrinin dəstəyini almaqla siyasi böhran yaratmağa səy göstərsələr də, 2003-cü ildə olduğu kimi, bu dəfə də xalq onları dəstəksiz qoydu.
Sonradan Qırğızıstan və 2011-ci ildə isə "Ərəb baharı"ndan fərəhlənən radikal müxalifət başına da molla əmmaməsi qoyaraq, xalqın iradəsinə qarşı çıxmağa cəhd göstərdi. Hətta nəzarətlərində olan mətbuat orqanlarında özünü yandırmaq üçün göysatan axtarışına da çıxdılar. Həmçinin, sosial şəbəkələr vasitəsilə "inqilab" etmək istəyən radikal müxalifət Bakı şəhərinin mərkəzində - insanların istirahət etdiyi məkanlarda icazəsiz aksiyalar keçirdilər, oradakı kiçik sahibkarlara maddi ziyan vurdular.
Radikal müxalifət bu dəfə də Ukrayna hadisələrindən ruhlanıb. Sinəsinə qərənfil taxıb, boynuna narıncı şərf bağlayan və başına molla əmmaməsi qoyan radikallar indi də "maydanlaşmaq" iştahasına düşüblər. Hətta Əli Kərimli və Cəmil Həsənli köməkçilərini Kiyevə göndəriblər, eyni zamanda, İsa Qəmbər şəxsən Maydanda olub ki, özlərinin varlığını nümayiş etdirsinlər. Və həmin Maydan ab-havasının təsirindən irəli gələrək boğazdan yuxarı bəyanatlar da verməkdən çəkinmədilər. Amma ictimaiyyət nümayəndələri, ziyalılar və digər sosial kateqoriyadan olan insanlar radikal müxalifətin arzusunu ürəyində qoydu. Birbaşa olaraq, insanların hazırkı iqtidara dəstək verdiyini nümayiş etdirməklə, bir daha radikal müxalifətə yerini göstərmiş oldular.
Göründüyü kimi, radikal müxalifət artıq 20 ildən artıqdır ki, yalnız imitasiya ilə məşğuldur. Onlar hansısa ölkədə baş verən hadisələrin Azərbaycana transformasiya ediləcəyinə inanıb xəyal qırıqlığına uğrayırlar. Lakin onlar anlamalıdırlar ki, dəyişikliklər yalnız islahatlar yolu ilə ola bilər. Əgər xalq bu gün hazırkı iqtidarı dəstəkləyirsə, o zaman hakimiyyət legitim xarakter daşımaqla Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edir. Silah gücünə və ya qan tökməklə hakimiyyətə gələnlərin aqibəti elə misirli Mursi kimi olur. Azərbaycan xalqı radikal müxalifətin iddialarını cavabsız qoyması ilə bir daha göstərirlər ki, Azərbaycanda inqilablar dövrü bitib. Bir dəfə inqilab olub, o da 1993-cü ildə AXC-Müsavat hakimiyyəti qovulub, hakimiyyətə Ümummilli Lider Heydər Əliyev gəlib. Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda söylədiyi kimi, bizim daxili vəziyyətimiz çox sabitdir və bu sabitlik qorunur: "Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa və inandığı adama səs verdi. Ona görə də xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi".
Bir sözlə, radikal müxalifətin bundan sonrakı əməlləri və əsassız çağırışları da xalq tərəfindən cavablandırılmayacaq. Radikal müxalifət hər zaman olduğu kimi, bundan sonra da xəyalları ilə yaşamalı olacaq.
"Səs" Analitik Qrupu