İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafına dair qəbul ediləcək üçüncü Dövlət Proqramı Azərbaycanın inkişafına yeni töhfələr verəcək"
Prezident İlham Əliyev fevralın 27-də növbəti 5 il üçün üçüncü Dövlət Proqramını - "Azərbaycan Respublikası regionların 2914-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilsin.
İqtisadiyyatın dayanıqlı inkişafı dövlətin prioritet siyasətidir
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.
Belə ki, istər regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, istəsə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla, 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Dövlət Proqramı çərçivəsində ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
"Qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resurslar var"
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısı qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söyləyib və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələri, kənd təsərrüfatının inkiaşfında ən müasir metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, torpaqların elektron uçot sisteminin yaradılması, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsi, ərzaqın keyfiyyətinin qorunması, aqro parkların, logistika mərkəzlərinin yaradılması, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmaları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən və digər məsələlərdən də danışıb. Dövlət başçısı ötən 10 ildə qarşıya qoyulan bütün vəzifələrin tamamilə icra edildiyini deyərək, əminliklə vurğulayıb ki, qəbul ediləcək üçüncü Dövlət Proqramı ölkənin inkişafına yeni töhfələr verəcək: "Bir vaxtlar "sənaye müəssisəsi" dedikdə yalnız böyük şəhərlərdəki zavod və fabriklər göz önünə gəlirdi. Son 10 ildə ölkənin elə bir rayonu olmayıb ki, orada yeni sənaye müəssisəsi istifadəyə verilməsin. Bu dövrdə regionlarda 500-dən çox sənaye müəssisəsi açılıb". Ölkənin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, sözügedən proqramların orada müsbət nəticələri görünməsin. Bir sözlə, biz böyük uğurlara nail olmuşuq".
Göründüyü kimi, regionların inkişaf xətti Azərbaycan insanının sosial rifah halının günü-gündən yüksələn səviyyəsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır".
Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
RƏFİQƏ KAMALQIZI