PDF Oxu

Siyasət

  • 10

Ölkənin bütün regionlarında təhsilin infrastrukturu yenilənib

Ölkənin bütün regionlarında təhsilin infrastrukturu yenilənib

Müasir dövrümüzdə Azərbaycanın simasının dəyişməsi, sosial-iqtisadi inkişaf, insanların maddi rifah halının yüksəlməsi ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisidir. Artıq Azərbaycan stabil və dinamik inkişafına, daxili və xarici siyasətinə görə, Cənubi Qafqazın, eləcə də, Avropanın bir sıra dövlətlərindən irəli olmaqla yanaşı, onlar üçün nümunədir. Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan müasir dünyanın dövlətləri ilə rəqabətə davamlıdır. Belə bir dövrdə bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də uğurlar bir-birini əvəzləyib. Azərbaycanda təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Odur ki, elm və təhsil sahəsində də əsaslı islahatlar həyata keçirilir. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb etdiyi zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamları elmə və təhsilə dövlət tərəfindən göstərilən qayğını bir daha təsdiqləyir. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" ölkəmizdə elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasına yönəlmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" isə gənclərin təhsili istiqamətində uğurlu bir sənəddir.

Bu gün dünyanın bir sıra ölkələri ilə Azərbaycanın elm və təhsil sahəsindəki əməkdaşlığı möhkəmlənib. Qeyd olunan Dövlət Proqramı çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Hazırda uğurla həyata keçirilən Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb. Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xaricdə təhsil üçün prioritet ixtisaslar da mövcuddur. Proqram çərçivəsində xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin sayında ilbəil say artımı müşahidə edilir. Əgər 2012-2013-cü ildə xaricdə 500 nəfərə yaxın Dövlət Proqramı ilə xaricdə təhsil almışdırsa, 2013-2014-cü ildə isə bu say bir qədər də artmışdır. Xarici ali məktəblərdə oxuyan tələblərin 31%-i tibbi ixtisas, 18%-i iqtisadiyyat, 9,5%-i humanitar, 9%-i mühəndislik, 7%-i idarəetmə, 4%-i turizm, 2%-i neft sənayesi və riyaziyyat, 0,5%-i kənd təsərrüfatı üzrə təhsil alır.

Qeyd edək ki, respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrların müasir dövrün tələblərinə cavab verəcək gücə və biliyə malik olmağı tələb edir. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib.

Bu gün Azərbaycan təhsili keyfiyyət baxımından yeni mərhələni yaşayır. Azərbaycan təhsil sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü islahatlar aparılır. Qəbul olunan Dövlət Proqramları ölkəmizdə təhsilin yeni və keyfiyyətli inkişafına səbəbdir. Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri artıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında" imzaladığı Sərəncamı da təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olaraq əhəmiyyətlidir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi daşıyır. Qeyd olunan sənəd heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradacaq. Yeni strategiya qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək, təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.

Qeyd olunan sənəddə təhsil sisteminin strateji istiqamətləri, məzmunu və digər cəhətləri müəyyənləşdirilib. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasını və digər strateji istiqamətləri əks etdirir.

Göründüyü kimi müasir dövrümüzdə təhsilin keyfiyyəti və əhatəliliyi əsas amillərdən birinə çevrilib. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılmışdır. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.

Yeni strategiyada təhsilin məzmunu və idarəetmə sistemi müəyyənləşdirilib. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq yenidən qurulmasına imkan verəcək.

Bütün bu reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir. Göründüyü kimi, ölkəmizdə iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilə təsirini göstərməkdədir. O cümlədən, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafına müsbət təsirini göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər