Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika-İsrail İctimai Əlaqələr üzrə komitənin (The American Israel Public Affairs Committee) ənənəvi illik siyasi konfransında geniş auditoriya qarşısında çıxış edib. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, konfrans çərçivəsində Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitunun Türkiyə araşdırmaları proqramının direktoru Söner Cağatayın moderatarluğu ilə keçirilib "Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu" mövzusundakı müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornell və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olublar.İlk olaraq, Azərbaycan ilə ABŞ-ın münasibətləri haqqında məlumat verən səfir E.Süleymanov hər iki dövlətin enerji və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahələrində yaxından əməkdaşlıq etdiklərini bildirib, regional inkişafı və inteqrasiyanı sürətləndirəcək enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu vurğulayıb.Səfir Azərbaycan ilə İsrailin ikitərəfli münasibətlərinin tarixindən danışmış, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycanda məskunlaşan yəhudi icmasının yerli xalqla yaxşı münasibətlərin rolunun danılmaz olduğunu bildirib.Əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkələrdə yəhudilərin dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq qəhramanlıq göstərdiyini və bunun Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını qeyd edib.Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd edib, İsrailin prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırladıb.Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu nəzərə çatdıran diplomat tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.Daha sonra çıxış edən S.Kornell və B.Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil ediblər.ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan illik siyasi konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edib.
sia.az