"Kiminsə işi-gücü qutarıb ki, AXCP-nin qərargahını partlatsın? Belə ucuz düşüncəyə sahib olmaq gülüncdür". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli adi məişət partlayışını siyasiləşdirərək, bunu özlərinə qarşı "təxribat" adlandıran AXCP təmsilçilərinin iddialarına münasibətini bildirərkən deyib."Hər hansı bir məişət partlayışını təxribat adlandırmaq ucuz iddiadır"- deyə, qeyd edən Tahir Kərimli onu da bildirib ki, hadisə ilə bağlı söylənilənlər nə məntiqə, nə də qanuna sığmayan informasiyadır: "Fikrimcə, bu şayiədir və reklama hesablanıb. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı araşdırmalar aparılır. Hesab edirəm ki, yaxın günlərdə məsələ dəqiqliyi ilə araşdırılacaq, səbəbkarlar cəzasını alacaq".Xatırladaq ki, ötən gün AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisində ehtimal olunan qaz sızıntısı nəticəsində partlayış olub. Partiya rəsmiləri isə bu məsələni siyasi şouya çevirərək, ictimai rəyi çaşdırmağa cəhd edirlər.
sia.az