Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafının mühüm faktorlarından birini də Çin sirk artistlərinin, Çin rəssamlarının Bakıya gəlməsi, həmçinin, Çin tətbiqi incəsənət sərgisinin Bakıda böyük müvəffəqiyyət qazanmasıdır. R.Mustafayev adına İncəsənət Muzeyində təşkil olunan bu sərgiyə 2-3 ay ərzində bakılılar tamaşa etmişdirlər. Respublikaya qonaq gəlmiş çinli qonaqlar bir sıra qiymətli hədiyyələri Azərbaycan Tarixi Muzeyinə hədiyyə etdilər.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, 1961-cı ilin fevralında Çin Xalq Respublikası nümayəndələrinin Bakıya üç günlük səfəri Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafına əhəmiyyətli şəkildə təsir göstərdi. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində bu cəmiyyətin, eləcə də, Sovet-Çin Dostluğu Cəmiyyətinin Azərbaycan şöbəsi idarə heyətinin üzvləri ilə ÇXR-dən qonaq gəlmiş nümayəndələri arasında mədəni əlaqələrin inkişaf perspektivləri də müzakirə olunmuşdur. Nümayəndə heyətinin başçısı Çjan Su görüş zamanı Azərbaycanla mədəni əlaqələrin diplomatik surətini aşağıdakı fikirləri ilə belə bildirmişdir: "Sizin respublikanızın bəstəkarlarının gözəl musiqi əsərləri bizim ölkəmizdə məşhurdur və biz bu musiqi əsərlərini sevirik. Pekin teatrlarının səhnəsində Ü.Hacıbəyovun "Arşın mal alan" operettası müvəffəqiyyətlə göstərilir. Yazıçılarınızın və şairlərinizin kitablarını bizim oxucular sevə-sevə oxuyurlar. Bizim dostluğumuz gündən-günə möhkəmlənir". Nümayəndə heyətinin tərkibində gəlmiş Şanxay Opera Teatrının solisti Lin Min-Çjenin solo konserti azərbaycanlı musiqisevərlər tərəfindən maraqla qarşılandı.
Vətənə qayıtdıqdan sonra Çin şairlərindən biri azərbaycanlı sənətkarların fədakar əməyini tərənnüm edərək yazmışdı ki, Çinin neft rayonu olan Yuymında Bakı neftinin ətri duyulur. Əldə olunan razılıqlara əsasən Bakı və Sumqayıtın sənaye müəssisələrində Çin Xalq Respublikasının mütəxəssisləndən bir neçə qrupu istehsalat təcrübəsi keçmişdilər. Eyni zamanda, Azərbaycan mütəxəssisləri Çinudə inşa edilən Anşyan metallurgiya kombinatının tikilməsində, Çinin neft yataqlarının aşkara çıxarılmasında yaxından iştirak edərək fədakarlıq göstərmişlər. 1955-ci ildə Bakı Neft Emalı zavodunda ÇXR-nın Politexnik İnstitutunun məzunları istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vurdular. Bu elmi əlaqələr həm də iki ölkə arasında dostluq münasibətlərinin dəyişilməsinə də əhəmiyyətli dərəcədə təsir göstərdi.
Mədəni Əlaqələrin inkişafı prosesində 1958-ci ilin axırında Azərbaycan Mahnı və Rəqs Ansamblının ÇXR-ə qastrol səfərini xüsusi olaraq vurğulamaq lazımdır. Pekin və Çinin digər iri şəhərlərində ansambl onlarla maraqlı konsertlər vermişdir. Çinin musiqi ictimaiyyəti və xalq Azərbaycanın özünəməxsus incəsənətini nümayiş etdirən ansanblın ifaçılarına, onların yüksək peşəkarlığına heyran qalmışdılar. Çində nəşr olunan "Dostluq" jurnalında müxbir E.Lin "Dostlarımızın özünəməxsus incəsənəti" adlı məqaləsində deyir: "Azərbaycan xalqı son vaxtlarda özünəməxsus mahnı-rəqs sənətini yaratmışdı... Onların parlaq çıxışları Azərbaycan mahnı və rəqslərinə xas olan müxtəlif səciyyəvi xüsusiyyətləri hiss etmək, möhkəm ənənəyə malik olan bu sənətdə baş verən əhəmiyyətli dəyişikliklərin şahidi olmaqda bizə kömək etdi". Həmin məqalədə maraqlı cəhət odur ki, müəllif bu qastrolu sadəcə bir hadisə, yaxud mədəni tədbir kimi xarakterizə etmir, o, hər şeydən əvvəl Azərbaycan mədəniyyəti, incəsənətinə yaradıcı şəkildə yanaşaraq onu əsil sənətşünas və musiqi mütəxəssisi prizmasından şərh edir. Bu isə o deməkdir ki, Çində həqiqətən də Azərbaycan mədəniyyətinə, onun incəsənətinə böyük maraq vardır. Məqalə müəllifi E.Lin burada, həmçinin yeni yaradılmış Azərbaycan xor sənətinin təşəkkülü məqamlarına da xüsusi toxunur. Bununla əlaqədar olaraq o yazır: "Ansamblın artistləri öz xor ifalarında milli və xalq mahnılarının ən gözəl cəhətlərini saxlamışlar. Bununla onlar milli mahnı sənətinin məzmununu zənginləşdirmiş, onun sərhədlərini xeyli genişləndirmişlər." Ümumiyyətlə, "Dostluq" jurnalında nəşr olunan bu məqalə Azərbaycan mədəniyyətini xarici mətbuatda ətraflı və dərindən təhlil edən publisistik materialların ən önəmlilərindən biridir.
Faktlar bir daha sübut edir ki, Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi qədimlərə gedib çatsa da, sovet dövlətçiliyi ərzində bu münasibətlər qarşılıqlı əməkdaşlıq əsasında davam etdirilərək bu sahədə zəngin təcrübə toplanmışdır. Lakin bir faktı da xüsusi olaraq qabartmaq zəruridir ki, Azərbaycan Çinlə mədəni əməkdaşlıq sahəsində müstəqil qərar çıxarmaq, yaxud bu mədəni əlaqələrin prioritetlərini müəyyənləşdirmək səlahiyyətlərindən məhrum idi. Digər xarici dövlətlərdə olduğu kimi Çinlə də mədəni əlaqələrin istiqamətləri yalnız "mərkəz"dən diqtə olunurdu. Lakin 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərqərar olması və respublikada suverenliyin elan edilməsi Çinlə bütün əlaqələrin, eləcə də, mədəni əlaqələrin yenidən qurulmasını təmin etdi. 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ÇXR 1992-ci ilin aprelində diplomatik əlaqələr yaratdı.
"Beynəlxalq mədəni əlaqələr" kitabında 1992-2005-ci illər ərzində Azərbaycan-Çin arasında mədəni əlaqələrin müştərək əməkdaşlıq məqsədi ilə kinematoqrafıya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdır. Bundan başqa iki ölkənin dövlət başçıları arasında dostluq haqqında birgə bəyanat, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq haqqında protokol da imzalanmışdır. Dövlət başçıları səviyyəsində 1994-cü ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR-ə səfərləri mədəni əməkdaşlığın inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bundan əlavə, 2002-ci ilin iyununda Azərbaycan Respublikasının təhsil nazirinin müavininin rəsmi görüşləri Azərbaycan-Çin mədəni əməkdaşlığının hüquqi bazasının yaradılması, mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Bütün bunlarla yanaşı, iki ölkənin parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə 2002-ci ildə təşkil olunan "Azərbaycan-Çin Dostluq Cəmiyyəti"nin yeni xəttilə mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Cəmiyyətin prezidenti Milli Məclisin deputatı, AMEA-nın akademiki Cəlal Əliyev Çinlə müxtəlif, eləcə də, mədəni əməkdaşlıq sahəsində şəxsi təşəbbüs və səy göstərir. Eyni bir cəmiyyət "Çin-Azərbaycan Dostluq Cəmiyyəti" 2006-cı ilin oktyabrında ÇXR-ın "Xarici Ölkələrlə Dostluq Cəmiyyəti"nin nəzdində təşkil olunur. Hər iki cəmiyyət arasında əməkdaşlıq Azərbaycan-Çin mədəni əməkdaşlığının inkişafı işinə istiqamətləndirilmişdir.
Müstəqilliyin ilk illərində Çinlə mədəni əlaqələrin demokratik prinsiplər əsasında yenidən qurulmasında 1994-cü ilin sentyabrında Ümumçin Xalq Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin dəvətilə "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin Prezidenti Nəbi Xəzri başda olmaqla ziyalılardan ibarət bir qrup ÇXR-də səfərdə olmuş, ölkələr arasında dostluğun davam etdirilməsi məqsədi ilə mədəniyyət və turizm sahəsində əməkdaşlığın tezliklə bəyan edilməsi, qarşılıqlı surətdə mədəniyyət ongünlüklərinin keçirilməsi, mübadilə səfərlərinin təşkili haqqında razılıq əldə edildi. Eyni zamanda, bu görüşdə Çinin Dalyan və Bakı şəhərlərinin qardaşlaşması barədə təklif də irəli sürüldü. Görüş zamanı qaldırılmış məsələlər öz həllini 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfərində tapdı. Təhsil sahəsində qarşılıqlı tələbə mübadiləsi ənənəviliyini indi də saxlamaqdadır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Çin dilinin öyrənilməsi mədəni əlaqlərin inkişafı baxımından çox əhəmiyyətlidir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, M.Rostropoviçin anadan olmasının 70 illiyi münasibətilə yubiley şənliklərini işıqlandırmaq üçün Çinin Sinxua agentliyi iki müxbirini Bakıya göndrmişdir. Müxbir Çjao Çjipenin səfərdən əldə etdiyi zəngin təəssürat "Sinxuanın gündəlik xəbərləri" qəzetində 1997-ci il 23 may tarixli nömrəsində dərc olunmuşdur. Həmin məqalədə Çin müxbirlərinin Azərbaycan mədəniyyətı haqqında səmimi düşüncələri diqqəti cəlb edir. Məqalədə yazılır: "Azərbaycan elə bir ölkədir ki, burada mədəniyyətə böyük ehtiram bəsləyirlər. Biz bunu çoxdan eşitmişik... Bakılılar Çinə dərin hörmət hissi bəsləyirlər. Bu, mənim Bakıda olarkən aldığım ikinci ən güclü təəssüratdır."
Yeni tarixi şəraitdə Azərbaycan - Çin mədəni əlaqələrinin imkanları getdikcə artmaqdadır. Hər iki ölkə əhalisinin bir-biri ilə yaxından tanışlığı üçün mətbuatın geniş imkanlarından istifadə edilir. 2003-cü ildə "Azərbaycan-Çin lüğəti"nin nəşri "İqtisadiyyat" qəzetinin 2004-cü il oktyabr nömrəsinin bütünlüklə ÇXR-ın 55-ci ildönümünə həsir edilməsi Azərbaycanda Çin ölkəsinə, onun mədəniyytinə maraq və ehtiramın nümunəsi kimi qiymətləndirilirdi. Hazırda mədəniyyətin ayrılmaz qolu sayılan təhsil sahəsində də Çin Xalq Respublikası ilə birgə mübadilə aparılır. Təcrübə mübadiləsi məqsədilə respublikanın ali və orta ixtisas, ümumtəhsil məktəblərinin müəllimləri Respublika Təhsil Nazirliyinin əməkdaşları təcrübə mübadiləsi məqsədilə ÇXR-ə ezam edilmişlər. Təhsildə islahatlar keçirən ÇXR-ın təcrübəsindən istifadə etmək məqsədilə bu ölkə ilə mübadilə səmərəli olmuşdur.
Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə, Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar.
Çin şirkətlərinin neft layihələrində iştirak ilə Azərbaycanda neft hasilatının artacağı gözlənilir. Belə ki, Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Çou Dzipinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul ayında Azərbaycana səfər etməsi bunu təsdiqləyən faktdır. Bu gün Çin ictimaiyyəti Azərbaycan Respublikasına böyük maraq göstərir. Belə ki, ÇXR-in Sinxua İnformasiya Agentliyinin müxbiri Van Dzioka 2005-ci il martın 2-də Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevdən müsahibə almış, müsahibə zamanı Azərbaycan-Çin münasibəlləri, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, habelə, regional və digər bir sıra mühüm məsələlərə aydınlıq gətirilmişdir.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin mart ayının 17-dən 19-dək Çin Xalq Respublikasında dövlət səfərində olmuşdur. ÇXR-in sədri Xu Szintao Prezident İlham Əliyevin ölkəsinə səfərini Azərbaycan-Çin dövlətlərarası münasibətlərin tarixində çox mühüm hadisə kimi dəyərləndirilmişdir. Bu səfər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə münasibətlərin yeni səhifəsini açdı. Belə ki, bu rəsmi səfər çərçivəsində atılan ən mühüm addımlardan biri Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət Nazirliyi arasında 2005-2009-cu illər dövründə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında protokolun imzalanması oldu. Səfər zamanı Çinin Kommersiya Nazirliyi, Azərbaycanın İqtisadi İnkişaf Nazirlyi və ölkəmizin Çindəki səfirinin təşkilatçılığı ilə keçirilən forumda respublikamızın 40 və Çinin 400-dək şirkətinin nümayəndələri iştirak etmişlər. Forumda Azərbaycanda Çin texnologiyaları ilə şüşə-liftdən kabel, kompüterlər, neft sənayesi üçün səyyar qazma avadanlığı kənd təsərrüfatında istifadə üçün qablar və qablaşdırma materialları üzrə müəssisələrin yaradılması, toxuculuq, ayaqqabı sənayəsi, tikinti materiallarının buraxılışı sahəsində əməkdaşlığı genişləndirərək, bir sıra vacib məsələlər müzakirə olunmuşdur.
Həmin səfər proqramı çərçivəsində Prezident İlham Əliyev Çinin ən möhtəşəm abidələri olan Böyük Çin səddi və dünyanın ən nadir tikililərindən sayılan memarlıq abidələri ilə tanış oldu. Şanxay şəhərini ziyarət edən İlham Əliyev məşhur teleqüllə və Şanxay Planlaşdırma Muzeyinə baş çəkmişdir. Azərbaycan-Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlğın həyata keçirilməsi bu proseslərin-iqtisadı, siyasi, mədəni əlaqələrin güclənməsi üçün yaxşı zəmin yaradır.
Hal-hazırda Azərbaycan-Çin mədəni əməkdaşlığının səmərəli bir dövrü yaşanmaqdadır. İki ölkə arasında dostluğun və yaxınlaşmanın əldə olunması kimi mühüm bir işdə mədənı əməkdaşlığın bütün imkanlarından kifayət qədər istifadə edilməlidir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru