ABŞ Dövlət Departamenti yenə də öz çirkin və qərəzli mövqeyini ortaya qoydu. Belə ki, ABŞ Dövlət Departamentində fevralın 28-də keçirilmiş mərasim zamanı Dövlət katibi Con Kerri 2013-cü il üzrə "İnsan alveri haqqında hesabat"ı (İAH) geniş ictimaiyyətə təqdim edib. Hesabatda bildirilir ki, guya il ərzində Azərbaycanda insan haqları sahəsində problem kimi fikir azadlığı, sərbəst toplaşma və birləşmə azadlığına məhdudiyyətlərin olması, o cümlədən, jurnalistlər, hüquq müdafiəçiləri və demokratik fəallarla bağlı tədbirlər, oktyabrın 9-da seçkilərin keçirilməsində çatışmazlıqlar var. Azərbaycanla bağlı qeyd olunanların həqiqəti əks etdirməməsi bir daha ABŞ Departamentinin dəfələrlə verdiyi qərəzli hesabatlardandır.
ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının durumuna dair hesabatında Azərbaycan hökuməti sərt tənqid edilib. Xüsusilə, ölkədə sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması, məhkəmlərdə vətəndaşların hüquqlarının pozulması, siyasi fəallara qarşı həbslər, mediaya basqılar sərt tənqid edilib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ Dövlət Departamentinin hesabatının dünyada Azərbaycan və azərbaycanlılar haqqında mənfi imic formalaşdırmağa yönəldiyini bildirib: "ABŞ Dövlət Departamenti 2013-cü ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında növbəti illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində ölkəmiz tənqid olunub. Azərbaycanda söz və mətbuat, sərbəst toplaşma azadlıqlarının, insanların mülkiyyət hüquqlarının, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyətinin təmin edilməsi və sairlə bağlı rəsmi münasibət əks olunub. Bu hesabatdan təəssüfləndiyimi bildirmək istərdim. Çünki ABŞ dünyada demokratiyanın beşiyi kimi tanınır. Demokratiyanın yayılmasını təbliğ edən bir ölkənin Azərbaycan haqqında belə hesabatlar verməsi qəbulolunmazdır. Çox təəssüflər olsun ki, hesabatda ölkəmizlə bağlı qeyri-obyektivlik yüksək həddədir. Sanki hesabat Azərbaycanın hansısa bir müxalifət partiyasının qərargahında yaradılaraq, dünyada Azərbaycan və azərbaycanlılar haqqında mənfi imic formalaşdırmağa yönəlib".
A.Mirzəzadənin sözlərinə görə, nə sərbəst toplaşma, nə də QHT-lərin fəaliyyəti, siyasi partiyalar, mətbuat haqqında deyilən fikirlərin heç birinin əsası yoxdur: "Çünki ölkəmizdə bu sahələrin hər birində vətəndaş hüquqları qorunur. Azərbaycan hökuməti bu istiqamətdə daima fəaliyyətini davam etdirir. Azərbaycan tərəfi gətirilən faktların hər biri üzrə hüquqi araşdırmalar aparır. Digər tərəfdənsə, hesabat hüquqi cəhətdən deyil, Azərbaycan iqtidarına müxalifətçilik nöqteyi-nəzərindən hazırlanıb. Hesab edirəm ki, verilən hesabatın Azərbaycan reallığına heç bir aidiyyatı yoxdur".
Politoloq Rüstəm Məmmədov isə, ABŞ Dövlət Departamentinin növbəti illik hesabatının birtərəfli qaydada hazırlandığını, ədalətə söykənmədiyini, həqiqəti əks etdirmədiyini bildirib. Qeyd edib ki, departament Azərbaycanda baş verən hadisələri şişirdib böyük bir problem kimi göstərməklə, öz istəklərini reallaşdırmağa, ölkəmizə təzyiq göstərməyə cəhd edir: "ABŞ Dövlət Departamenti, eləcə də digər beynəlxalq səviyyəli təşkilatlar hər il müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla bağlı hesabatlar yayır. Hər dəfə müşahidə edirik ki, bu hesabatlarda bir sıra qərəzli, həqiqətə uyğun olmayan nüanslar var. Azərbaycanla bağlı son hesabatda da nəzərə çarpan, qeyd olunan məsələlər, əslində qərəzi özündə əks etdirir. Azərbaycanda da müəyyən problemlər var. Lakin bu şəkildə, onların ifadə etdiyi kimi, hər şeyi qara göstərmək xatirinə yazılmış hesabatlar Azərbaycanda mövcud sabitliyin pozulmasına yönəlib. Əsil həqiqətləri öyrənmədən hansısa ölkədə insan hüquqlarının kobud şəkildə pozulduğunu iddia etmək, mətbuat azadlığının boğulduğunu qeyd etmək qərəz göstəricisidir. Azərbaycanda bu gün internetlə, informasiya əldə etməklə bağlı vəziyyət olduqca yaxşıdır, internet təhlükəsizliyi mövcuddur. Belə olan halda hadisələri şişirdib böyük bir problem kimi göstərmək, bundan öz məqsədləri naminə istifadə etmək, ölkəmizə qarşı informasiya yayımı sahəsində qərəzli mövqeydə olduqlarını bir daha təsdiqləyir".
YAP Siyasi Şurasınnı üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da bildirdi ki, ABŞ Dövlət Departamenti hər zaman bu cür qərəzli hesabatlar yayır: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda insan hüquqlarının ciddi problem olması barədə ifadələr təəssüf doğurur. Çünki bu hesabatda Azərbaycanla bağlı qeydlər həqiqəti əks etdirmir. İkinci bir tərəfdən, hansı əsasla Dövlət Departamenti öz hesabatında Azərbaycan haqqında bu fikirlərə yer verib. Bu bir həqiqətdir ki, Azərbaycanda demokratik təsisatların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur və heç kəsin bu məsələdə hüquqları pozulmur. Çünki söz və fikir azadlığı olmadan demokratik ənənələrin ölkə həyatında bərqərar olması qeyri-mümkündür. Əəgər statistikanın verdiyi məlumata diqqət yetirsək indiyədək 4800-dən çox kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qəzet və jurnallardan 100-dən artığı müntəzəm, qalanları isə fasilələrlə işıq üzü görməkdədir. Təsis edilən qəzet və jurnallar müxtəlif siyasi-ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fziki şəxslərə məxsusdur. Eyni zamanda ölkə başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən göstərilən diqqət və qayğı, ümumiyyətlə bütün bunlar ölkəmizdə söz, fikir və mətbuat azadlığının tam təmin olunması nəticəsidir. Ona görə də, ABŞ Dövlət Departamentinin bu hesabatı qərəzdən başqa bir şey deyil".
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov ABŞ Dövlət Departamentinin hesabatı real vəziyyəti obyektiv dəyərləndirməkdən daha çox konyuktur maraqlara xidmət göstərdiyini bildirib: "ABŞ Dövlət Departamenti öz çirkin və qərəzli niyyətdə olduğunu bir daha sübut etdi: "Hər hansı ölkə ilə bağlı hazırlanan hesabatlar həmin dövlətin müxtəlif orqanlarının verdiyi informasiya əsasında hazırlanmalıdır. Burada isə məlumatın heç bir tutarlı mənbəsi göstərilməmişdir və bu baxımdan da ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hesabatının Azərbaycana aid hissəsi dəqiq və obyektiv deyil, qərəzlidir. Müxalifət qəzetlərində qərəzli, obyektivlikdən uzaq məqalələrə istinad edərək hazırlanan hesabatın başqa cür olacağını düşünmək sadəlövhlükdür. Çünki Azərbaycanda qanunsuz, razılaşdırılmamış aksiya keçirilməsi cəhdlərinə görə tətbiq olunan sanksiyalar digər ölkələrin təcrübəsindən demək olar ki, fərqlənmir. İkincisi, hökumətin bu sahədə apardığı islahatlar, insan haqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlar isə, demək olar ki, xatırlanmır".
"Hesabatın "siyasi məhbuslarla" bağlı hissəsi qeyri - obyektivliyi ilə xüsusilə seçilir" -deyən S.Hüseynov onu da bildirdi ki, müxalifətin ABŞ Dövlət Departamentinin hesabatından "ruhlanması" tamamilə yersizdir: "Çünki Azərbaycanda müxalifətdən savayı kimsə sözügedən hesabatın obyektivliyinə inanmır".
RƏFİQƏ KAMALQIZI