PDF Oxu

Siyasət

  • 14

Yerevan mitinq dalğası burulğanında

Yerevan mitinq dalğası burulğanında

Özünə qəbir qazan cəmiyyət və ona qənim kəsilən Serj Sarkisyan hakimiyyəti

Ermənistanın yanlış xarici siyasətinin bu ölkəni daha böyük fəlakətlərə düçar etməsi fonunda Serj Sarkisyan iqtidarına qarşı sərgilənən narazılıq durmadan artır. Xüsusən də, ölkənin Qərbə inteqrasiyadan imtina etməsi əsil ikitirəlik yaradıb. Buna etiraz edən Ermənistan prezidentliyinə keçmiş namizəd, "Milli müqəddəratın təyini" birliyinin rəhbəri Paruyr Ayrikyan tərəfdarları ilə birlikdə Yerevanda növbəti mitinq keçirilib. Paruyr Ayrikyan deyib ki, Ermənistan Gömrük İttifaqına qoşulub: "Ermənistan əhalisinin çoxu Gömrük İttifaqına daxil olmağın əleyhinədir".

İşğalçı ölkədə keçirilən mitinq iştirakçılarına ruhi xəstə diaqnozu qoyulub

"Ermənistanda keçirilən mitinq iştirakçılarına ruhi xəstə diaqnozu qoyulub". Bu haqda Ermənistanın "Haykakan Jamanak" nəşrinin verdiyi xəbərə görə, 33 yaşlı Anuş Qriqoryan adlı mitinq iştirakçısının vəkili Lyudviq Avitisyanın sözlərinə görə, müdafə etdiyi şəxs ruhi xəstə diaqnozu ilə ruhi əsəb dispanserinə yerləşdirilib. Məlum olub ki, mitinq iştirakçısı şizofreniya xəstəliyindən əziyyət çəkən ikinci qrup əlil imiş. Daha sonra məlum olub ki, bu diaqnoz ilə çox sayda erməni gənci hərbi xidmətdən də azad edilir.

Qeyd edək ki, artıq Yerevanda ardıcıl keçirilərək səngimək bilməyən mitinq və aksiyalarda Ermənistanda acınacaqlı həyatdan imtina edərək yeni və yaxşı yaşam tələb edənlərdən 38 adam həbs edilmiş, onlardan 10 nəfəri artıq ruhi xəstə diaqnozu ilə ruhi əsəb dispanserinə yerləşdirilmişdir. "Axar.az" xəbər verir ki, bu dəqiqələrdə Yerevanın Azadlıq meydanında "Pensiya sisteminin məcburi maliyyələşdirilməsi" hökumətin hazırladığı qanuna qarşı geniş aksiyalara start verilib. Aksiya iştirakçıları ölkədəki pensiya islahatlarına etirazlarını bildirərək, bu ilin ən irimiqyaslı aksiyasının baş tutacağını bildiriblər.

Ermənilər mövcud totalitar və irticaçı rejimin mümkün qədər tez iqtidardan getməsini arzulayırlar

Ermənistan əhalisi vəziyyətdən yeganə çıxış yolunu ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutmaqda görürlər. Hazırda baş verənlər Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına, etiraz aksiyalarının geniş vüsət almasına səbəb olmaqdadır. Sosial durumu onsuz da ağır olan ermənilər mövcud totalitar və irticaçı rejimin mümkün qədər tez iqtidardan getməsini arzulayırlar. Çünki vəziyyət getdikcə pisləşir, xarici partnyorlar da Ermənistandan üz döndərirlər. Ermənistanın statistika xidmətinin məlumatına görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun həcmi ötən il 8,6 faiz azalıb. Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşunun kəskin şəkildə azalmasına səbəb bir tərəfdən əcnəbi investorlarda bu ölkənin iqtisadi inkişafına, gələcəyinə inamsızlıq yaranmasıdırsa, digər tərəfdən korrupsiyaya qurşanmış dövlət məmurları tərəfindən onlara göstərilən müxtəlif təzyiqlərdir. Eyni zamanda, ölkədə xarici investisiya üçün münbit şəraitin yaradılmaması, sərmayədarların hüquqlarının dövlət tərəfindən qorunmaması da burada öz rolunu oynayır.

Düşmən ölkədə söz, ifadə və mətbuat azadlığının pozulması artıq adi hal alıb

Ermənistanın Söz və İfadə Azadlığı Komitəsinin apardığı araşdırmalar nəticəsində təkcə ötən ilin ikinci rübündə düşmən ölkədə kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı 30-dan çox hüquq pozuntusunun qeydə alındığı məlum olub: "Son zamanlarda isə bu kimi hadisələrin baş verməsi intensiv xarakter daşıyır. Siyasi və dövlət dairələrində, seçkilərdə jurnalistlərə olan təzyiqlərdə artım müşahidə edilməkdədir". Erməni saytlarının mövzu ilə bağlı hazırladıqları yazılarda da bildirilir ki, Ermənistanda söz, ifadə və mətbuat azadlığının pozulması artıq adi hal alıb. Eyni zamanda, o da qeyd olunub ki, jurnalistlərin söz və ifadə azadlıqlarının pozulması, döyülmə və zorakılıq kimi hallar daha çox 2008-ci il seçkilərindən sonra artmağa başlayıb: "Qəddar vəziyyət kimi müşahidə olunan pozuntuların qarşısı hələ də alınmır". Ermənistanın Söz və İfadə Azadlığı Komitəsinin sədri Aşot Melikyan bu barədə danışarkən bildirib ki, onların müdaxilələrinə baxmayaraq, dövlət rəsmiləri heç bir tədbir görmürlər.

Ermənistan iqtisadiyyatı ötən əsrin 80-ci illəri səviyyəsindədir

Düşmən ölkənin "Joxovurd" qəzetinin iqtisadçı Vaan Xaçaturyanın statistik fikirləri əsasında hazırladığı məqalədə qeyd olunur ki, Ermənistanla qonşu ölkələr arasında ticarət dövriyyəsi olduqca kiçikdir. Belə ki, qəzetin iddiasına görə, bu ilin 8 ayı ərzində ölkədən ixrac edilən malların həcmi 10 faiz olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağı göstəricidir. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyul ayları ərzində Gürcüstana ixrac edilən mallar ümumi ixracın 5,9, İrana ixrac edilən mallar 6,5, Türkiyəyə ixrac edilən mallar isə cəmi 0,1 faiz təşkil edib. İxracın da əsas hissəsi mədən-xammal materiallarından, bahalı və bahalı olmayan metallar və daşlardan ibarətdir. Bunun isə əsas səbəbinin konfliktlərin olduğunu vurğulayan Xaçaturyan hesab edir ki, əgər Azərbaycanla münaqişə həll olunsaydı, Azərbaycan və Türkiyə ilə sərhədlər açıq olsaydı, dəmiryolu, tranzit fəaliyyət göstərsəydi, tam başqa mənzərə hökm sürərdi. O, həmçinin ölkəsinin rəqabətə davamlı olmayan məhsullar istehsal etdiyini də xüsusi olaraq vurğulayıb. Xaçaturyanın sözlərinə görə, Ermənistan iqtisadiyyatı ötən əsrin 80-ci illəri səviyyəsində qalıb və heç bir sahədə inkişaf etməyib.

20 min insan maddi imkansızlıqdan qanunsuz böyrək köçürməsinə məruz qalıb

"Axar.az"-ın xəbərinə görə, sosial problemlər məngənəsində çalxalanan, siyasi böhranın son həddə çatdığı Ermənistanda maddi imkansızlıqdan son bir ildə 20 min insan qanunsuz böyrəkköçürmə əməliyyatına məruz qalıb. Belə ki, sosial problemlərdən cana doyan insanların cüzi məbləğdə pulun müqabilində qapalı şəraitdə böyrəklərini çıxarırlar. Əksər hallarda isə böyrəkləri çıxarılan insanlara pul ödənilmir. Mənbə bildirir ki, hazırda Ermənistanda məhz bu işlə məşğul olan bir neçə orqan mafiyaları fəaliyyət göstərir. Ermənistan rəhbərliyinin də əlbir olduğu "orqan biznesi" artıq o həddə çatıb ki, ailələr öz uşaqlarını məcburən pul müqabilində qanunsuz əməliyyata məruz qoyurlar.

Göründüyü kimi, Ermənistan hakimiyyətinin apardığı işğalçılıq siyasəti bu dövlətin gələcək mövcudluğunu da sual altına qoyur. Və Ermənistanın hazırkı iqtisadi durumu bu ölkənin gələcəyinin daha acınacaqlı olacağından xəbər verir. Odur ki, ermənilər məhv olmaqda olan bir məmləkətdə "gözəl gələcək" arzusu ilə ölməkdənsə, qaçıb canlarını qurtarmağa üstünlük verirlər.

A.SƏMƏDOVA

Digər xəbərlər