"Azərbaycanda insan hüquqlarının qorunması məsələsində hər hansı bir müraciət olsa, o zaman Ombudsman aparatı buna dərhal cavab verir, eyni zamanda həmin məsələlərin ədalətli, qanunlar çərçivəsində həll olunmasına çalışılır və bir çox hallarda da buna nail olunur". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Ombudsman Elmira Süleymanovanın parlamentdə təqdim etdiyi illik məruzəyə münasibət bildirərkən deyib.Millət vəkili həmçinin Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı bir sıra beynəlxalq qurumların qərəzli yanaşmaları məsələsinə də toxunub. Onun sözlərinə görə, həmin qurumların məqsədi qərəzli yanaşma növündən istifadə edərək Azərbaycana qarşı təhdidləri təmin etməkdir: "Bunun nəticəsində ölkəmizin təbii sərvətlərindən güzəştsiz şəkildə bəhrələnmək əsas müzakirə mövzusu olsun. İnsan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir. Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnməkdir. Necə ki İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər! Məsələn, Taliban narkotik dövriyyəsini 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu. Hətta narkotika plantasiyalarını ABŞ ordusu qoruyur".ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları institutunun Azərbaycanla bağlı hesabatına də münasibət bildirən millət vəkili deyib ki, ABŞ-da seçkilər zamanı bu təşkilat heç ölkə ərazisinə belə buraxılmayıb: "Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqanı öz seçkilərinə buraxmadıqları halda, nəyə görə onun verdiyi hesabata əsasən, Azərbaycanı tənqid edirlər? Bu hesabatda Azərbaycan vətəndaşı barədə, eləcə də Xocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından məhrum olan insanlar barədə məlumat yoxdur".Millət vəkili, bəzi qüvvələrin ölkənin daxil işlərinə qarışmaq istədiklərini deyib: "Sən hakimsən, prokurorsan, məhkəməsən? Sənin nə hüququn var ki, istintaqı qurtarmamış adamın azadlığa buraxılmasını tələb edirsən?! Bunların iğtişaş törətmək üçün hazırladığı adamlar bir-bir ortaya çıxır".Belə hesabatların daxildən ötürülən "donos"lara əsasən hazırlandığını deyən millət vəkilinin fikrincə, ilk növbədə ölkə daxilindəki düşmənlərlə məşğul olmaq lazımdır: "Hansı təşkilata qrantlar verirlər, o təşkilatlar da özlərinə lazım olan informasiyanı "donos" kimi hazırlayıb onlara ötürür. Bunlar ölkənin düşmənləridir".
sia.az