"Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda, parlament assambleyalarında fəaliyyət göstərən nümayəndə heyətləri var. Bir qayda olaraq, Azərbaycanda vəziyyətə dair hesabatlar ilk növbədə bu təşkilatlarda tərtib olunur. Həmin hesabatlar tərtib olunarkən beynəlxalq QHT-lərin hesabatlarına istinad edilir və həmin QHT-lər də hansı ölkə haqqında hesabatlar tərtib edirlərsə, o ölkədəki QHT-lərə istinad etdiklərini vurğulayırlar. Dolayısı ilə, həmin hesabatların tərtib olunmasında bu və ya digər ölkədə, o cümlədən Azərbaycandakı QHT-lərin, ictimai qurumların, siyasi partiyaların, özünü müxalifət hesab edən qurumların mövqeyi əsas rol oynayır". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.B. Muradova hesab edir ki, həmin qurumların bu addımlarına layiqincə cavab verilməlidir: "Azərbaycan hökuməti, parlament qurumları bu məsələdə bənd-bənd cavab verirlər. Biz qəbul edilən bütün qətnamələrə, onların qəbulu üçün tərtib edilən bütün hesabatlara, Azərbaycanda insan hüquqlarını pozulduğunu sübut etməyə çalışan şəxslərə cavab veririk. Bu, müvafiq sənədlərdə də öz əksini tapır. Bunu 2013-cü ilin əvvəlində Ştrasselin rəhbərliyi ilə tərtib edilən hesabatın AŞPA-da qəbul olunmamasını verilən cavabın bir nümunəsi hesab edirəm. Bir dəfə görmədim ki, Azərbaycandakı QHT-lər, siyasi partiyalar, o cümlədən konstruktiv mövqeli siyasi partiyalar onlara cavab versinlər. İstərdim ki, milli, eləcə də dövlətçilik maraqlarına, cəmiyyətimizi irəli aparan proseslərə maneçilik törədən bu kimi hesabatlara cavab verilsin. Belə cavablar ortada olduğu təqdirdə, QHT-lərin hesabatlarına istinad edənlər və Azərbaycan dövlətinin tərtib və təqdim etdiyi hesabatları qulaqardına vuranlar Azərbaycanın özündən gələn və siyasi ambisiyaları, maraqları olan qrupların da mövqelərini öyrənib müəyyən obyektiv bir mövqe sərgiləməyə məcbur olardılar. Həmin qrupları bu hesabatlara cavab verməyə səsləyirəm. Sübut və məhkəmə hökmü olmadan kimisə günahsız adlandırıb azadlığa çıxarmaq özü də absurddur. Hesab edirəm ki, bu kimi çağırışlara getmək lazım deyil".
sia.az