Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilir. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim etmişdir. Əvvəlcə deputatlar cari məsələləri müzakirə etmişlər. Dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən deputatlar bildirmişlər ki, martın 3-də ABŞ-ın daha bir ştatının - İndiananın Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılmış və bu qətliamın soyqırımı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. Bu da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin fəaliyyətinin, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlərin nəticəsidir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, dünyanın bir çox ölkələrində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma tədbirləri keçirilmişdir. Milli Məclisin 20-dən çox deputatı bu tədbirlərdə iştirak etmək dünyanın müxtəlif ölkələrinə ezam olunmuşdur.
İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilmişdir.
Məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova ötən il ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların da aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili hər il olduğu kimi, ötən il də dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar, habelə beynəlxalq qurumlar ilə səmərəli əməkdaşlıq əsasında fəaliyyət göstərmişdir. Ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılmış, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq tədbirlər görülmüşdür. Fəaliyyəti dövründə müvəkkilin ünvanına ümumilikdə 101 min 540, ötən il isə 13 min 670 müraciət daxil olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən 525 şəxs təkrar olaraq qəbul edilmişdir. Qeyd olunan müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi isə ərizələrdən ibarətdir.
Sonra məruzə ətrafında çıxış edən deputatlar hesabatı yüksək qiymətləndirmişlər. Hesabat məruzəsi təsdiqlənmişdir.
Milli Məclisin deputatları iclasda "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxacaqlar. Sonra Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcəkdir. Deputatlar, həmçinin "Akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.
AzərTAc