"ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı fikirlər reallıqdan uzaqdır". Bu fikri Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, 10 il əvvəlki hesabatda nə yazılıbsa, bu dəfəki hesabatda da həmin yazılanlar təkrar olunub. Onun sözlərinə görə, hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır.
"Sənəddə qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətinin və onu himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də başqa hadisələr baş verir. Seçkilərə gəlincə, Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı terror aktı törədildi. Hesabatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın. O, nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Bütün bunlar hesabatda ölkəmizlə bağlı fikirlərin yalan olduğunu göstərir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
yap.org.az