Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsi dinlənilib.
Parlamentdə çıxış edən Ombusdman Elmira Süleymanova bildirib ki, məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
E.Süleymanova qeyd edib ki, ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılıb, pozulan hüquqların bərpası istiqamətində müvafiq işlər görülüb: "İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101 540, 2013-cü ildə isə 13 670 müraciət daxil olub. Müraciətlərin 75,8%-i şikayətlərdən, 24,2%-i ərizələrdən ibarət olub. Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edib. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilib, bunların da 65,5%-i təmin olunub".
Ombudsmanın sözlərinə görə, müki, iqtisadi və sosial hüquqların pozulmasına dair şikayətlər - şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa edilib.
O həmçinin qeyd edib ki, ötən il şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ombudsmana 335 müraciət daxil olub: "Ötən il Müvəkkilin milli preventiv qrup (MPQ) azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərinə mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 383, o cümlədən plan üzrə 294, plandankənar isə 89 başçəkmə həyata keçirib. Başçəkmə zamanı müvəqqəti saxlanılma yerlərində 959, istintaq təcridxanalarında və cəzaçəkmə müəssislərində 786, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssilərdə 80-dək saxlanılan şəxslə təklikdə, həmçinin bu müəssisələrin 150-dək əməkdaşı ilə fərdi söhbətlər aparılıb. Müəvəkkilin milli preventiv mexanizmi (MPM) qismində fəaliyyətinə dair 2013-cü ildə Azərbaycan və ingilis dillərində 129 rəsmi mətbuat xülasəsi yayımlanıb, ingilis dilinə tərcümə olunmuşları Avropa Şurasının İnsan hüquqları üzrə komissarına göndərilib".
yap.org.az