"AMEA-nın milli statusu Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu, akademiyanın milli dövlətçilik və azərbaycançılıq maraqlarına xidmət etməsini müəyyən edir". Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, akademiyanın fəaliyyətinin ana xətlərindən birini dünya elminə inteqrasiya etmək təşkil edir. AMEA-da struktur dəyişikliklərinə də toxunan akademikin sözlərinə görə, yeni Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və Analitik Təhlil idarələri və İnnovasiya şöbəsinin təşkil olunmasında əsas məqsəd akademiyanın idarəetmə işlərinin təkmilləşdirilməsindən, əməkdaşların beynəlxalq tədbirlərdə yalnız iştirakçı yox, məruzəçi və təşkilatçı kimi də fəaliyyətini təmin etməkdən ibarətdir.
"Qrant layihələrinin icrasının monitorinqi hazırda yalnız donor təşkilatlar tərəfindən aparılır. Bu işlər AMEA daxilində də məsuliyyətlə həyata keçirilərsə qrant təşkilatlarının daha çox etibarını qazanmaq olar ki, bu da gələcək layihələrə beynəlxalq elmi əməkdaşlığa müsbət təsir göstərə bilər"- deyə, vitse-prezident qeyd edib.
yap.org.az