"ABŞ Dövlət Departamenti dəfələrlə heç bir reallığı əks etdirməyən məruzələrlə çıxış edib. Sonuncu hesabatda fikirlər o qədər qeyri-obyektiv şəkildə verilib ki, Azərbaycanda həyata keçirilən bütün müsbət işlərə qərəzli şəkildə kölgə salmaq istədikləri açıq-aşkar görünür. ABŞ əgər adi bir nöqsanı görürsə, bəs niyə Dağlıq Qarabağ problemini görə bilmir?". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva bildirib.
ABŞ-ın Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirən millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində müsbət addımlar atılıb, bütün sahələrdə çox böyük inkişafa nail olunub, amma bunların heç biri ABŞ Dövlət Departamentinin hesabatında əksini tapmayıb. Onlar hansısa səbəblərə görə, inkişafı görmək istəmirlər. Biz beynəlxalq təşkilatlara bu cür haqsız hesabatlara olan münasibətimizi ifadə etməli, etirazımızı bildirməliyik. Əgər ABŞ demokratiyadan danışırsa, niyə həmin hesabatda Dağlıq Qarabağ problemi ilə bağlı bir cümlə yoxdur? Niyə o hesabatda BMT-nin qətnamələrinə məhəl qoymayan ermənilər haqqında heç bir tələb yoxdur?"
sia.az