PDF Oxu

Siyasət

  • 11

Millət vəkili: “Belə araqarışdıranlar vicdanları qarşısında cavab verəcəklər”

Millət vəkili: “Belə araqarışdıranlar vicdanları qarşısında cavab verəcəklər”

"Bu gün Azərbaycanın hər bir bölgəsi, eləcə də paytaxt Bakı şəhəri dünyanın ən gözəl guşələrindən birinə çevrilib. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində olub". Bu fikirləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı ölkədə aparılan tikinti-quruculuq işlərindən danışarkən deyib.

Millət vəkili vurğulayıb ki, bu gün Bakı şəhəri dünyanın beynəlxalq əhəmiyyətli tədbirlərinin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib: "Bu inkişafla hər bir Azərbaycan vətəndaşı qürur duyur. Çünki, Azərbaycanın inkişafına, gözəlliyinə deyilən xoş sözlər hər birimizin ünvanınadır".

Millət vəkili Bakının "Sovetski" adlanan hissəsində aparılan söküntü işlərinin əhəmiyyətindən danışıb: "Uzun illər boyu Moskva Azərbaycanın bütün var-dövlətini daşıyıb. SSRİ dağılandan sonra isə Azərbaycan büdcəsi boş şəkildə "ittifaq"dan ayrılıb. Dövlətimizin böyük sərvətə malik olmasına baxmayaraq, Sovet dövlətinin apardığı siyasət nəticəsində şəhərimizin ən gözəl yerlərində xəyanətkar ermənilər məskunlaşdırılıblar. Bu gün paytaxtın "Sovetski" adlanan hissəsində aparılan söküntünün əsas məqsədi Bakımızı daha da gözəlləşdirməkdir. Çünki orada sanitar vəziyyət bərbaddır. Azərbaycan dövləti də vətəndaşının bu halda yaşamasıyla razılaşa bilməz. Ona görə də "Sovetski"də yaşayan sakinlər başqa ərazilərə köçürüləcək və həmin ərazidə Bakının ən gözəl və böyük parklarından biri salınacaq. Bundan başqa Bakıda çox böyük ekoloji layihələr həyata keçirilir. Ətraf mühitin qorunmasına dəstək verən fondlar, beynəlxalq təşkilatlar tərəfindən də dövlətimizin bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilir.

M. İbrahimqızı "Sovetski"nin bəzi sakinlərinin onlara verilən kompensasiya ilə razılaşmaması məsələsinə də toxunub: "Bu ərazidə yaşayan insanların yaşayış şəraiti həddindən artıq ağırdır. Hətta bəzi ailələr çox kiçik sahəyə malik evlərdə yaşayırlar. Ona görə də ayrılan kompensasiya ilə razılaşmaya bilərlər. Ancaq köçürülmə ilə bağlı komissiya yaradılıb. Ümid edirəm ki, hər "Sovetski" sakininin problemi ən yüksək səviyyədə həll olunacaq. Azərbaycanda 10 minlərlə qaçqın və məcburi köçkünü yüksək səviyyədə qəsəbələrdə, şəhərlərdə yerləşdirilibsə, "Sovetski"də yaşayan insanların da köçürülmə prosesindən heç biri narazı qalmayacaq".

Millət vəkili əlavə edib ki, bəzi maraqlı dairələr bu məsələdə orada yaşayan insanları qızışdırırlar: "Elə qüvvələr var ki, sanki pusquda dayanıblar və belə bir hadisənin olmasını gözləyirlər. Bununla da ələ keçən imkandan istifadə edərək tez bir zamanda aranı qızışdırmağa çalışırlar. Belə araqarışdıran insanlar Azərbaycanın yaxşı günün arzulamırlar. Ona görə də dövlətinin pis gününü arzulayan insanlara sözüm yoxdur. Onlar vicdanları qarşısında cavab verəcəklər".

sia.az

Digər xəbərlər