PDF Oxu

Siyasət

  • 6

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaranmasının 21 illiyi qeyd edilmişdir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaranmasının 21 illiyi qeyd edilmişdir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qurumun ötən 21 ildəki fəaliyyətindən danışmışdır. O, 1990-cı illərin əvvəlində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, lakin yaranmış ağır vəziyyətə baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin böhrandan çıxdığını və inkişaf yoluna qədəm qoyduğunu söyləmişdir. Ulu Öndərin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.

Hazırda YAP Binəqədi rayon təşkilatının sıralarında 14 min üzvün olduğunu deyən R.Göyüşov bildirmişdir ki, onların 50 faizini gənclər təşkil edir.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov demişdir ki, Binəqədi rayon təşkilatı YAP-ın yaranmasının ilkin dövrlərində təsis edilmiş ilk 10 rayon təşkilatından biridir. Rayon partiya təşkilatı 21 il ərində gərgin və uğurlu yol keçmişdir.

S.Novruzov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışmış və bildirmişdir ki, YAP Binəqədi rayon təşkilatını yaradan insanlar həmin dövrdə cəmiyyətdə çətinliklərdən keçərək əzmkarlıq nümayiş etdirmişlər. Bu gün Yeni Azərbaycan Partiyası region və Avropa üzrə ən mütəşəkkil siyasi qüvvədir. Qeyd edilmişdir ki, rayon partiya təşkilatının prezident seçkiləri dövründə də işi yüksək səviyyədə təşkil olunmuşdu. Qərargahların təşkili, səsvermənin gedişinin müşahidəsi, təbliğat-təşviqatın aparılması baxımından əhəmiyyətli işlər görülmüşdür. Binəqədi rayon təşkilatı seçki dövründə öz fəaliyyətində müasir texnologiyadan istifadə etmişdir.

S.Novruzov Azərbaycan gənclərini informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə ölkəmizlə bağlı reallıqları dünyaya yaymağa və bu işdə fəal olmağa çağırmışdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbir iştirakçılarına rayonda görülən işlər haqqında məlumat vermişdir. O, ölkəmizin inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu qeyd etmişdir.

Sonda Binəqədi rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmiş, YAP-ın sıralarına yeni daxil olanlara isə vəsiqələri təqdim edilmişdir.

Tədbir bədii hissə ilə davam etdirilmişdir.

AzərTAc

Digər xəbərlər