PDF Oxu

Siyasət

  • 11

Ölkəmizdə terrorçuluğa qarşı mübarizə sərtləşdirilir

Ölkəmizdə terrorçuluğa qarşı mübarizə sərtləşdirilir

"Son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar ölkəmizə də təsir edir. Bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir. Buna görə də "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunda ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir". SİA-nın xəbərinə görə, bu fikirləri parlament sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov komitənin iclasında çıxış edərkən deyib.O, millət vəkillərinin müzakirəsinə "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunda dəyişikliklər edilməsi barədə sənədin təqdim olunduğunu bildirib: "Qanun layihəsi əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadəetmə hallarını əhatə edir".Komitə sədri onu da vurğulayıb ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib. Komitə üzvləri Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Aqil Abbas, Adil Əliyev, Zahid Oruc, Elman Məmmədov çıxış edərək bildiriblər ki, hər hansı bir şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacibdir.Ətraflı müzakirələrdən sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınıb.

sia.az

Digər xəbərlər