PDF Oxu

Siyasət

  • 11

Əli Həsənov: "Azərbaycanda din dövlətdən ayrıdır"

Əli Həsənov: "Azərbaycanda din dövlətdən ayrıdır"

"Azərbaycan Respublikasında din-dövlət münasibətləri konstitusiya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfrans zamanı çıxışında deyib.Onun sözlərinə görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır və din dövlətdən ayrıdır: "Dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər qulluq və s sistemləri dünyəvi xarakter daşıyır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s hüququ var. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir".Ə. Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır: "Onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Hökumət hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və.s ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Bundan başqa dövlət başçısının sərəncamı ilə dini icmalar birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir".

"Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgə yaşayış formasına çevrilib. Azərbaycanda heç vaxt dini zəmində ayrıseçkilik və vətəndaş müharibəsi baş verməyib. Bu sahədə qarşılıqlı hörmətə və etimada əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Son illər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s... aktual problemlər geniş müzakirə olunur"- deyə, PA rəsmisi sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər