"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, regionun gələcəyi böyük təhlükə altında qalacaq"
"Biz daimi olaraq hər hansı bir problemin ətrafında yaranan vəziyyətin konsensus əsasında həlinin tərəfdarı kimi çıxış etmişik. Biz onları milli birliyə, sabitliyə və əmin-amanlığa, eləcə də beynəlxalq tərəfdaşlarla birgə işin aparılmasına çağırdıq. Yəni, biz daimi olaraq hansısa bir problemin, böhranın həllində beynəlxalq aktorların birgə işinin daha böyük səmərə verəcəyinə inanmışıq". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ukrayna hadisələri fonunda ABŞ-Rusiya münasibətlərinin Cənubi Qafqaza təsir imkanları haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bölgənin sabitliyini və təhlükəsizliyini təhdid altına alan başlıca səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Bu məsələ C. Qafqaz üçün böyük bir təhlükə törədir. Hesab edirəm ki, bu münaqişə öz həllini tapmayınca C. Qafqazın inkişaf radiusu və prespektivləri getdikcə tükənir və məhdudlaşır. Təbii ki, bu münaqişənin həllində birmənalı şəkildə beynəlxalq aktorların, xüsusilə münaqişənin həllinə cəlb olunmuş ATƏT-in Minsk qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin səylərinin bir araya gəlməsi də önəmlidir. ATƏT-in Minsk qrupu bir və yaxud iki ölkədən ibarət deyil. Minsk qrupu üç ölkədən ibarətdir. Təbii ki, hər üç ölkə bərabər şəkildə öz səylərini ortaya qoymalıdır. Azərbaycan müştərək səylərin bir araya gəlib münaqişənin həllinə yönəlməsinin tərəfdarıdır. Biz bu məsələni beynəlxalq arenaya, təşkilatlara çıxararkən onları daimi olaraq bu məsələdə qətiyyətli, obyektiv və eyni zamanda qərəzsiz mövqe tutmağa çağırırıq. Cənab Prezident İlham Əliyev hər zaman bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll olunmamasının əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin münaqişənin həllinə laqeyd yanaşmasıdır".
E. Abdullayev hesab edir ki, beynəlxalq ictimaiyyət nə qədər qətiyyətli olsa, bu münaqişə də bir o qədər tez həllini tapacaq: "Yəni bu, olduqca önəmli bir məsələdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca regionun gələcəyi böyük təhlükə altından qalacaq. Bu gün Azərbaycan olduqca güclü bir ölkədir. Bununla belə Azərbaycan dünya ictimaiyyəti üçün bir çox sahələrdə inkişaf modeli kimi görünən ölkədir. Bir şeyi unutmamalıyıq ki, ölkəmiz qanunvericiliyə əsasən öz ərazi bütövlüyünü istənilən üsullarla, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qaytarmaq hüququnu qoruyur. Hesab edirəm ki, bunu rəsmi İrəvan çox yaxşı dərk etməlidir. Bu məsələ olduqca əhəmiyyətlidir".
sia.az