PDF Oxu

Siyasət

  • 14

PA rəsmisi: "Azərbaycan missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı barışmaz mövqedədir"

PA rəsmisi: "Azərbaycan missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı barışmaz mövqedədir"

"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfrans zamanı çıxışında deyib.

Ə. Həsənov bildirib ki, son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatlar, dini təriqətlər Azərbaycana da ayaq açıb və Respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər: "Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər. Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s... bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır".

PA rəsmisi deyib ki, bu gün Yaxın Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi katakrizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olması görünür: "Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür. Bundan sonra da görüləcək. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı qəti, barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz".

"Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət ənənələrimizə, milli və dini hislərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meylləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək, milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümumilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətandaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır"- deyə, Ə.Həsənov vurğulayıb.

sia.az

Digər xəbərlər