"Qafqaz Müsəlmanları İdarəsi və onu rəhbəri, hörmətli Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud dini modelin, yəni tarixən bizi müşayət etmiş bir dini modelin qorunub saxlanması, yaşadılmasında ən dəyərli və ən əsas qüvvədir. Tarix boyu Azərbaycanda dini qarşıdurma olmayıb. Əgər bizdə dini qarşıdurma olmayıbsa, insanlar öz dini ehtiyaclarını bu model çərçivəsində normal şəkildə ifadə ediblərsə və bu da bizə problem yaratmayıbsa, niyə biz dəyişməliyik. Deməli bunu dəyişməyə əsas yoxdur". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda yekun çıxışı zamanı deyib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti və QMİ dəyişməmək qərarı üzərində israrlıdır: "QMİ-nin tərkibində çox gözəl dinamika qurulub, dini balans qorunub saxlanılır və bu model də inkişaf etdirilməlidir. O fikirlə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. Bu QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı QMİ özü iş aparır. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq, Azərbaycanın tarixi ilə, din tarixi ilə bağlı, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə bağlı, qonşularımızla bağlı, dünyada baş verən proseslərlə bağlı bilikılərinin qaldırılması vacibdir. Məsələ də diqqətdədir və bu istiqamətdə iş gedir. QMİ-nin bu istiqamətdə başladığı işi Prezident Administrasiyası dəstəkləyir və bu istiqamətdəki işlər yaxın zamanlarda öz effektini verəcəkdir. Dövlət qrumları da cəmiyyətdən gələn siqnallara daha həssas yanaşmalıdır. Dövlət qrumu cəmiyyətdən gələn siqnalları toplamalı, onları təhlil etməlidir".
Ə.Həsənov mətbuatda gedən bəzi mövzulara da aydınlıq gətirib: "Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri, o birisinə qarşı kompramat aparır. Bu əsla belə deyil. Əlbəttə cəmiyyətdən gələn müəyyən siqnallar var və biz şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıyıq. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi müəyyən edir, onu vəzifəyə təyin edən adam müəyyən edir və ondan hesabat istəyən adam müəyyən edir. Biz məmur olaraq Prezident Administrasiyasında yalnız prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var. Belə qarşıdurma meyillərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir".
sia.az