Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qadınlar şurası 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirib. Azərbaycan Respublikasının himni səsləndikdən sonra ölkə tarixində əbədilik yaşamaq hüququ qazanan, qadınlara xüsusi diqqət və qayğını başlıca tələb kimi qaşıya qoyaraq onların problemlərinin həlli üçün lazımı şərait yaradan böyük şəxsiyyət Heydər Əliyevin qadına, anaya, milli-mənəvi köklərə əsaslanan Azərbaycan ailəsinə verdiyi dəyəri əks etdirən videoçarx göstərilib.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov Azərbaycan qadınlarını təbrik edərək, bildirdi ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: "Dünya yarandığı gündən, insan övladı həyat barədə düşüncələrə malik olduğu zamandan ananın qayğıkeş obrazı müqəddəs varlıq kimi həmişə hörmətəlayiq görülmüşdür. Azərbaycanın müstəqilliyinin əbədi qarantı Ulu Öndər Heydər Əliyev cəmiyyətimizdə aparılan bütün quruculuq proseslərində, ölkəmizin siyasi həyatında, iqtisadi inkişafında fəallıqları ilə seçilən qadınlarımıza qayğı ilə yanaşmış, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirmişdir. Onun respublikaya rəhbərliyinin hər iki dövründə qadınların siyasi-ictimai fəallığı artırılmışdır. Bilik və bacarığına, intellekt səviyyəsinə görə ən yüksək rəhbər vəzifələrə təyin olunanlar arasında qadınlara üstünlük verililmiş, ən çətin peşələrdə iştirakı təmin edilmiş, dövlət təltiflərinə və mükafatlara layiq görülmüşlər. Qadınları düşündürən və narahat edən məsələlərin bir mərkəzdən dövlət səviyyəsində həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. "Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir" söyləyən Ulu Öndər Heydər Əliyevin ölkədə qadın hərəkatının genişlənməsinə xüsusi diqqətinin nəticəsidir ki, indi bu sahədə daha böyük uğurlardan danışılır".
H.Mirələmov onu da söylədi ki, Ulu Öndərin siyasi irsi əsasında özü bir məktəb yaradan Prezident İlham Əliyev də daim qadın əməyinə, onların hüquqlarının qorunmasına, istirahətlərinin təşkilinə diqqətlə yanaşaraq cəmiyyətin formalaşmasında aparıcı simalardan olan qadınlara böyük qayğını dövlət siyasətinin prioritetləri sırasında daha önəmli sahə adlandırmışdır: "Hər il ənənəvi olaraq qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür".
Sonra YAP Xətai rayon təşkilatı qadınlar şurasının bir illik fəaliyyətini əks etdirən slayd təqdim edilib. YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədri Məhbubə Vəliyeva, partiyanın Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova tədbir iştirakçılarını əlamətdar bayramları münasibətilə təbrik edərək bildirdilər ki, Şərqdə ilk dəfə səsvermə hüququna malik Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Çıxış edənlər onu da bildirdilər ki, ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən qadınlarımız ikiqat diqqətə layiqdirlər. Bu gün gənclərimizin yüksələn siyasi, fiziki hazırlığından, fitri istedadından danışır, beynəlxalq səviyyəli idman yarışları, olimpiadalardakı qələbəsi ilə qürur duyuruqsa, bu amilin özü də cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yeri və əməyi olan, ictimai fəallığı ilə diqqət çəkən, ölkədə davam edən inkişaf proseslərində fərqlənən qadınlarımızın, analarımızın şücaətinin, artan intellekt səviyyəsinin nəticəsidir. Əhalinin sosial müdafiəsinin təminatında qadınlara xüsusi diqqətlə yanaşılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Həmçinin, qeyd olundu ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə həyata keçirilən biri-birindən əhəmiyyətli layihələrin başlıca məqsədi də ana və uşaqlara qağının artırılması, onların həyat tərzinin daha da yaxşılaşdırılması, istirahətlərinin səmərəli təşkili və sağlamlıqlarının qorunmasıdır.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına diplomlar və hədiyyələr təqdim olunub. Həmçinin, Yeni Azərbaycan Partiyası sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri verilib.
R.HÜSEYNOVA