İordaniyanın "Əl-Diyar" qəzetində jurnalist Arif Hüseyninin "Xocalı qətliamı" başlıqlı məqaləsi dərc edilib. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə deyilir: "İnsan həyatında təbiətdən qaynaqlanan müxtəlif fəlakətlər baş verir, lakin Azərbaycan Respublikasının Xocalı şəhərində insan əli ilə törədilən hadisələr təbii fəlakətlərlə müqayisədə daha faciəvi xarakter daşıyır. 20-ci əsrin 90-cı illərində Azərbaycanda başlanan xalq hərəkatı 20 Yanvar faciəsi ilə öz pik nöqtəsinə çatmış və müstəqillik ideyalarının güclənməsinə səbəb olub. Azərbaycan Sovet İttifaqına daxil olan dövlətlər arasında öz müstəqilliyini elan edən ilk respublikalarda idi. Lakin Baltikyanı və digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq Qərb tərəfindən dəstəklənmirdi".Müəllif daha sonra yazır ki, "müsəlman ölkəsi olan Azərbaycanda mülki şəxslərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq məqsədilə Mixail Qorbaçov "islam fundamentalizmi" məfhumundan istifadə edərək Bakıya qoşun yeridib. O, Azərbaycandakı xalq hərəkatını Dağlıq Qarabağda baş verən hadisələrin əsas mənbəyi kimi göstərərək hərbi gücdən istifadəyə haqq qazandırıb. Daha sonra Ermənistanın Ali Soveti SSRİ konstitusiyasına zidd olaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarıb, nəticədə regiondakı qeyri-stabil vəziyyət bir qədər də mürəkkəbləşib. Sonrakı mərhələdə erməni separatçıları Dağlıq Qarabağdan əlavə, digər Azərbaycan ərazilərini də hədəfə almağa başlayıb və nəticədə 1992-ci ilin 26 fevralında Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri baş verib. Erməni hərbi birləşmələri, Xankəndi ərazisində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərinə hücum edib. Törədilən qırğın zamanı 613 nəfər həlak olub ki, bunlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qocalar idi. Səkkiz ailə tamamilə məhv edilib, 150 nəfərin taleyi isə hələ də qaranlıq qalır. Əvvəlki dövrlərdə, 1905, 1907, 1918, 19148-1953-cü illərdə də ermənilər tərəfindən azərbaycanlılara qarşı oxşar qətliamlar törədilib. Bundan əlavə 1988-ci ildə 200 min azərbaycanlı Ermənistandan qovulmuş və Azərbaycan torpaqlarının 20 faizi işğal edilib".Daha sonra məqalədə Xocalı şəhərində baş verən qırğın təsvir olunur, bunun erməni cəlladları tərəfindən əvvəlcədən planlaşdırıldığı xüsusilə vurğulanır və faciənin baş verdiyi zaman kəsiyi ətraflı izah edilir.Sonda müəllif qeyd edir ki, son illərdə Azərbaycan tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər həyata keçirilmiş, ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq səviyyədə tanınıb.Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, BMT Təhlükəsizlik Şurası tərəfindən erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasına dair qətnamələr qəbul olunub. Xocalı soyqırımı ilə bağlı qərarlara və yazılanlara baxmayaraq, qəbul etməliyik ki, dünya birliyi hələ də ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş və törədilməkdə olan cinayətlər haqqında çox az məlumata malikdir.
sia.az