Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, qurumun mənzil qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) Daimi Məşvərətçi Şura (PCC) ilə birgə iclası keçirilmişdir. Sessiyada ölkəmizi İdman və Gənclər Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyin əməkdaşları təmsil etmişlər.
CİGEPS-in 18 üzvünün və 11 müşahidəçi ölkənin təmsilçilərinin və PCC-nin 20 nümayəndəsinin iştirak etdikləri iclas UNESCO-nun baş direktorunun müraciəti ilə açılmışdır.
İclasın gündəliyinə uyğun olaraq seçkilər keçirilmiş, Azərbaycan, Türkiyə, İordaniya, İran İslam Respublikası və Zambiya növbəti iki il müddətində CİGEPS-in sədr müavinləri, Kubanın nümayəndəsi isə sədr seçilmişdir.
Kuba nümayəndəsi üzrlü səbəbdən iclası tərk etdiyi üçün ilk gün plenar sessiyaya Azərbaycan sədrlik etmişdir.
Sessiya zamanı CİGEPS-in üzvləri və PCC-nin ekspertləri CİGEPS-in 2012-ci ildə keçirilən plenar sessiyasından sonrakı dövrdə idman və bədən tərbiyəsi üzrə nazirlərin toplantısında təsdiq olunmuş 3 mövzu ətrafında ( "İdmanın hər kəsin fundamental hüququ kimi qəbul olunması", "Bədən tərbiyəsi və idman proqramlarının təşviq olunması" və "İdmanda bütövlüyün qorunması" ) ölkələr və təşkilatlar tərəfindən həyata keçirilmiş nümunəvi və praktiki təcrübə barədə geniş və ətraflı hesabatlar təqdim olunmuşdur.
Yığıncaqda Azərbaycan İdman və Gənclər Nazirliyinin əməkdaşı ölkəmizdə idmanda bütövlüyün qorunması və son iki il ərzində görünmüş işlər barədə müfəssəl hesabat təqdim etmişdir. Hesabat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sessiyada UNESCO-nun idman və bədən tərbiyəsi ilə bağlı təqdimatları komitə üzvlərinin diqqətinə çatdırılmış, təqdimatlar ətrafında fəal debatlar aparılmışdır.
CİGEPS-in növbəti plenar sessiyası Kolumbiyanın təşəbbüsü ilə Boqotada keçiriləcəkdir.
yap.org.az