Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirmişdir.
Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Jak For, İqor Popov və Ceyms Uorlik və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı narahatlıq ifadə olunmuşdur.
Paris görüşündə münaqişənin həlli ətrafında aparılan danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək, Ermənistan tərəfinin konstruktiv yanaşmasının olmamasının münaqişənin həllinə, sülh prosesinin irəliləməsinə, regionda sülh və sabitliyin bərpa edilməsinə mane olduğunu bildirmişdir.
Elmar Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırlığını ifadə etmiş, həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır.
yap.org.az