PDF Oxu

Siyasət

  • 7

XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

İlham Əliyev: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinə olunmalıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsət almasına imkan yaratmışdır. Dövlət başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinələrə cəlb olunmaları bunun bariz nümunəsidir. Bu baxımdan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində uğurla davam etdirilir.

Qobustan mərkəzi rayon xəstəxanasının baş həkimi Elşən Rəcəbov "Səs" qəzetinə verdiyi açıqlamasında tibbi müayinə ilə bağlı görülən işlərdən danışdı. E.Rəcəbov bildirdi ki, əhalinin ümumi dispanserləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Bununla əlaqədar olaraq rayon icra hakimiyyəti başçısının yanında şuranın iclasında tədbirlər planı təsdiq edildi, cədvəl hazırlandı, məsul şəxslər müəyyən olundu, dövlətimizin başçısının tapşırığının icrası üzrə xüsusi komissiya yaradıldı: "Kampaniyanın yüksək səviyyədə aparılması üçün əvvəlcədən idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinə tapşırıqlar verildi. Ölkə başçısının tapşırığını təmin etmək məqsədi ilə rayon sakinləri tibbi müayinə barədə məlumatlandırılıblar. Görülən işlərin nəticəsidir ki, rayonda olan bütün səhiyyə müəssisələrində tibbi müayinələr uğurla aparılır".

E.Rəcəbov onu da bildirdi ki, 90 çarpayılıq xəstəxanada terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, poliklinika, doğum, infeksion xəstəliklər, təcili və təxirəsalınmaz yardım şöbəsi fəaliyyət göstərir. Burada 58 həkim, 138 orta tibb işçisi çalışır. Onu da qeyd edək ki, "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Qobustanda yeni mərkəzi rayon xəstəxanasının tikilməsi də nəzərdə tutulub.

Rayon mərkəzi xəstəxananın baş həkimi onu da vurğuladı ki, bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi ilə əlaqədar Qobustan rayon mərkəzi xəstəxanasında müayinə zamanı nevropatoloq, kardioloq, terapevt, pediatr və digər həkimlər vətəndaşları müayinə edir. Müayinə zamanı aşkar edilən xəstəliklərlə bağlı sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub: "Mərkəzi rayon xəstəxanasının tədbirlər planına uyğun olaraq yerlərdə əhalini müayinə etmək üçün həkim briqadaları formalaşdırılıb. Hər biri 5 həkimdən ibarət olan 3 səyyar briqada kəndlərə ezam olunaraq sakinləri müayinə edir. Rayonda 2 kənd sahə xəstəxanası, 10 həkim, 5 tibb məntəqəsi mərkəzi rayon xəstəxanası tərəfindən avadanlıq və dərman preparatları, tibbi ləvazimatlarla təchiz olunub. Əhalinin tibbi müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb. Gün ərzində mərkəzi rayon xəstəxanasının 11 şöbəsinə ümumilikdə müxtəlif yaş qruplarından olan 450 nəfər, səyyar briqadalara isə 150- dən artıq kənd sakini müraciət edib. Bu günə kimi 12 mindən çox rayon sakini pulsuz müayinə edilib, ciddi xəstəliyi olan insanlar stasionar müalicəyə cəlb olunublar. Bütünlüklə, bizim əsas vəzifəmiz əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdir".

Qobustan sakinləri Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq keçirilən tibbi müayinələri yüksək qiymətləndirərək, minnətdarlıqlarını bildirdilər. Müayinədə keçən rayon sakinləri onu da vurğuladılar ki, Prezident İlham Əliyevin tapşırığı ilə başlanan bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına xidmət edir.

Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən Oğuz rayonunun 8142 nəfərə yaxın sakini yararlanmışdır

Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi barədə tapşırığı respublikamızın hər yerində olduğu kimi, Oğuz rayonunda da uğurla icra edilir. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov "Səs" qəzetinə məlumat verərək bildirdi ki, rayonda əhalinin tibbi müayinəsi ilə bağlı RİH başçısının sərəncamına əsasən müvafiq komissiya yaradılıb, qrafiq təsdiq olunub. Qrafikə uyğun olaraq rayon mərkəzi xəstəxanasında və rayonun kənd xəstəxanalarında əhalinin tibbi müayinəsi keçirilir. Xəstəlik müəyyən olunmuş şəxslər ambulator, stasionar müalicəyə qəbul olunur və ya Bakı şəhərinə müalicəyə göndərilir.

Oğuz rayon mərkəzi xəstəxanasının baş həkimi Fazil Alməmmədov dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğuladı. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramların başlıca istiqamətləri tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin daha dolğun təşkilidir. F.Alməmmədov onu da vurğuladı ki, ümumiyyətlə rayon üzrə 29852 həfər tibbi müayinədən keçməlidir, martın 10-na kimi müayinə olunan əhalinin sayı 8142 nəfər təşkil etmişdir.

Baş həkim, həmçinin sutka ərzində fəaliyyət göstərən mərkəzin də Dövlət Proqramı çərçivəsində ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırdı: "Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentimizə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün oğuzlular adından dərin minnətdarlığımızı bildiririk. Hər bir insanın sağlamlığına diqqət göstərən dövlətimizin başçısı çox sağ olsun. Bu aksiya onu göstərir ki, dövlətimizin başçısı hər bir ölkə vətəndaşının salamlığının qeydinə qalır".

Rayon sakinləri isə Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən əhalinin sağlamlığının qorunmasına dövlət başçısının diqqət və qayğısı kimi qiymətləndirdilər.

R.HÜSEYNOVA

Digər xəbərlər