PDF Oxu

Siyasət

  • 8

Londonda “Bakı prosesi”nin 5 illik yubileyi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçiriləcəkdir

Londonda “Bakı prosesi”nin 5 illik yubileyi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçiriləcəkdir

Martın 13-də London şəhərində "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə ölkəmiz haqqında film nümayiş etdiriləcək və Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti Üçüncü Dünya Forumunun prioritetləri təqdim ediləcəkdir.

Mərasimdə UNESCO-nun , BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniyanın parlament üzvləri nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak edəcəklər.

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçiriləcəkdir. Nazir tədbirdə Azərbaycan dövləti adından çıxış edəcəkdir.

Artıq tədbirin təşkilatı məsələlərinin həll edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə və turizm şöbəsinin əməkdaşı Günel Aslanova Londona ezam olunmuşlar.

2008-ci ilin dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin əsası qoyulmuş və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilmişdir.

"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-dən15-dək Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilmişdir. İclasda "Bakı Prosesi-Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilmişdir. Bu proses çərçivəsində 2011-ci ildə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir. Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilmişdir.

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər