PDF Oxu

Siyasət

  • 8

"Mədəniyyətlərin vahid məkanda qovuşması tariximizin ayrılmaz hadisəsidir"

"Mədəniyyətlərin vahid məkanda qovuşması tariximizin ayrılmaz hadisəsidir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Elm, təhsil və mədəniyyət komitəsinin növbəti iclasında bir sıra aktual siyasi və mədəni problemlər müzakirə olunub. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə "Təhsil sahəsində idarəçilik və keyfiyyətin artırılması", "İnternetin səmərəli idarə olunması, kiberməkanda təhlükəsizliyin təminatı", "Televiziyada zorakılığın nümayişi və bunun uşaqlara mənfi təsiri" adlı məruzələr daxil edilib və müzakirəyə çıxarılıb.

Komitənin xətti ilə təhsil problemləri üzrə üç ayrıca məruzə hazırlayan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrdə iştirak edərək təqdim olunan hesabatın daha da mükəmməlləşdirilməsi üçün təkliflərini irəli sürüb.AŞPA-da son illərdə aparılan islahatlar çərçivəsində bu iclasda irəli sürülən ideyalardan biri də komitə daxilində təhsil problemləri ilə əlaqədar ayrıca yardımçı komitənin yaradılması olub. Həmin yardımçı komitəyə ilk növbədə daha əvvəllər Avropada təhsilin keyfiyyətinin artırılması, ortaq təhsil məkanının formalaşdırılması, dərslik siyasəti istiqamətində məruzələr hazırlayan deputatların, o cümlədən bu istiqamətdə artıq komitənin ekspertləri sırasında olan R. Hüseynovun daxil edilməsi nəzərdə tutulur.

Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında müzakirə edilən "Çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri" adlı məruzə ilə bağlı mövqeyini açıqlayan R. Hüseynov deyib ki, çoxmədəniyyətlilik, mənşəyi və xarakteri etibarı ilə müxtəlif olan mədəniyyətlərin vahid məkanda qovuşması Azərbaycanın tarixi taleyinin ayrılmaz hadisəsidir: "Azərbaycan coğrafi baxımdan həm Şərq, həm Qərb ölkəsidir və həm də sırf özünəməxsus xüsusiyyətləri olan Qafqaz regionuna aiddir".

Millət vəkili deyib ki, hər üç istiqamətdən gələn mədəni və mənəvi dəyərlər Azərbaycanda əsrlərcə qaynayıb-qarışıb və onlar üzvi şəkildə qovuşaraq təkrarsız olan Azərbaycan mədəniyyətini formalaşdırıblar: "Eyni hal Azərbaycan müstəvisində fəaliyyət göstərən dinlər və dini icmaların da həyatında cərəyan edib. Ən gözəli isə budur ki, həmin tarixi ənənələr bu gün də Azərbaycanda həm xalq, həm dövlət səviyyəsində müasir tələblərə uyğun şəklidə uğurla davam etdirilməkdədir. Ona görə də Azərbaycan bu gün dünyanın əksər ölkələrinə dini tolerantlığın və mədəni müxtəlifliyin ahəngdar mövcudluğu baxımından ən münasib nümunə sayıla bilər. Təsadüfi deyil ki, son illər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və bir çox oxşar beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib. Başqa sözlə, Azərbaycanda bu istiqamətdə tarixi yaddaş və indi aparılan siyasət bir-birini tamamlamaqda, səsləşməkdədir".

sia.az

Digər xəbərlər