Siyavuş Novruzov: "Dindən hansısa terror, təxribat yolunda qanunların pozulmasında istifadə olunacaqsa, qəti şəkildə qarşısı alınacaq"
Dünya miqyasında insanların təhlükələrdən qorunmaq və sosial-iqtisadi maraqlarını təmin etmək üçün birləşdikləri, hətta dövlət belə formalaşdırdıqları zamandan idarəetmənin, yaxud da, şəxsi prinsiplərin reallaşdırılmasının yollarını tapmağa çalışıblar. Elə qədim Misir fironlarının dövründən başlayaraq, insanları dini-mistik vasitələrlə idarə etməyə, onlardan istədikləri kimi istifadə etməyə başlanıb. Bu tendensiya orta əsrlərdə Avropada və Asiyada xüsusilə geniş yayıldı. Hətta kilsə hakimiyyəti, ruhanilərin siyasi cəmiyyətləri meydana gəldi ki, bununla da idarəetmə daha da mürəkkəbləşdi, lakin obyekt olaraq, insanlar dinin təsirinə daha çox düşdü.
Müasir dövrdə də dini faktordan istifadə edilməsi halları daha da genişlənib. Doğrudur, zaman-zaman müəyyən ölkələrin kəşfiyyat orqanları tərəfindən həm islamın, həm də xristianlığın tərkibində missionerlik, təxribat və digər təhlükəli fəaliyyətlə məşğul olan təriqətlər və cərəyanlar formalaşdırılıb. Məhz həmin dini cərəyan və təriqətlərdir ki, bu gün milli dövlətlərin təhlükəsizliyinə təhdid qismində çıxış edirlər. Bir sözlə, bu gün din mənəvilikdən daha çox siyasiləşdirilib. Məsələn, nurçular müxtəlif sosial layihələr vasitəsilə tələbələri, şagirdləri "qayğı" ilə əhatələyir, onların təhsili ilə yaxından maraqlanır, sonra isə işlə təmin edərək, maraq dairəsində olan ölkələrin siyasi və iqtisadi, sosial və hərbi sahələrinə nüfuz etdirməklə təsir rıçaqları əldə etməyə cəhd edir.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, nurçuluğun fəlsəfəsində radikalizm yoxdur: "Təbii ki, onların ali məqsədi hakimiyyətə daxil olmaq, hakimiyyət qollarında yer tutmaq, təkamül yolu ilə bu prosesi həyata keçirmək istəyirlər. Necə ki, başqa dövlətlər hakimiyyətləri ələ almaq istəyir, onların da dini cərəyan olmaqla yanaşı, həm də hakimiyyəti ələ keçirmək istəyir, onlarda bu arzu var. Lakin Azərbaycan üçün bunun təhlükəsi yoxdur. Ola bilər ki, 5-10 adam buna qoşulsun. Amma bir çox ölkələrdən fərqli olaraq, din Azərbaycanda istər sovet vaxtı, istərsə ondan sonra azad olub, dini etiqadın həyata keçirilməsi, ibadətlərin edilməsi çox demokratik və düzgün şəkildə olub. Çünki azərbaycanlılar ibadətlərini elmli formada həyata keçirirlər. Başqaları isə din adı altında başqa məqsədlərə nail olmaq üçün edirlər ki, bu da normal qarşılanmır və hardasa özünü göstərir".
Nurçulardan fərqli olaraq, vəhhabiliyin maliyyəçiləri şirnikləşdirici vasitələrlə insanları "əxi"lərdə birləşdirir, onlara lazım olan anda maddi dəstək verir və sonda dövlətçilik əleyhinə çıxışlar etməyə səsləyir. Elə Suriyada gedən müharibəyə onlarla azərbaycanlının getməsi bunun nəticəsidir. Eyni zamanda, Suriyaya döyüşməyə getmək istəməyənlərin məcbur edilməsi faktını da biz Sumqayıtda "əxi"lər daxilində baş verən silahlı qarşıdurmada gördük.
Göründüyü kimi, bu cür dini cərəyanlar dindən bir alət kimi istifadə etməklə, siyasi məqsədlərini reallaşdırmağa cəhd göstərirlər. Hətta siyasi təzyiqlər işə yaramadıqda, bu cür dini cərəyanlar terrora, təxribatlata, insanlar arasında süni narazılıq yaratmağa çalışırlar. Əlbəttə ki, bütün bunların kökündə həmin dini cərəyanları maliyyələşdirən və idarə edən qüvvələrin mənafelərinin təminatı dayanır.
Təəssüflər olsun ki, belə bir halla Azərbaycanda da rastlaşırıq. Nurçular, vəhabilər müəyyən mənada siyasi sektora nüfuz etməyə və dövlətçiliyə xələl gətirməyə səy göstərirlər. Doğrudur, Azərbaycanda Konstitusiya ilə dünyəvilik elan edilib və dinin dövlətdən ayrı olması göstırilib. Lakin eyni zamanda, insanların vicdan azadlığı təsbit edilib. Bu mənada, Azərbaycanda insanlar dini baxışlarına görə təqib edilmir. Amma dövlətçiliyə qarşı çıxan dini təriqətlərin daşıyıcıları mütləq mənada cavabını almalıdır.
Ümumiyyətlə, dinin fəlsəfəsi mənəviyyatdan ibarətdir. Yəni insanın mənəvi baxımdan saflaşması və kamilləşməsi dinə elmi prizmadan yanaşdıqda baş verir. Lakin dindən məkirli planlar üçün istifadə edilməsi yolverilməzdir. Bu baxımdan Azərbaycanda dövlətçiliyə qarşı çıxan dini təriqətlərə münasibət birmənalıdır: onlara qarşı mübarizə aparılmalıdır, hüquqi davranış normaları tətbiq edilməli və din yalnız mənəviyyat faktoru kimi başa düşülməlidir. Millət vəkili Siyavuş Novruzovun da qeyd etdiyi kimi, əgər dini təriqətlərin məqsədi, ideyası hansısa radikal addımların atılmasıdırsa, bu, qanun çərçivəsində tənzimlənməlidir: "Azərbaycan tolerant ölkədir, ölkədə dini azadlıq konstutision hüquqla tənzimlənir. Müxtəlif təxribatçı cərəyanları çıxmaq şərti ilə bütün dini icmalar, təriqətlər açıq şəkildə fəaliyyət göstərirlər. Seçim də insanların özlərinindir. Heç kəsə qadağa qoya bilmərik ki, sən bunu yox, onu seç. Amma dindən hansısa terror, təxribat yolunda, qanunların pozulmasında istifadə olunacaqsa, qəti şəkildə qarşısı alınacaq".
Bir sözlə, radikal dini cərəyanlar Azərbaycanda məqsədlərinə çata bilməyəcək. Çünki Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və cəmiyyətimizin də əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi üçün dövlətimizin qüdrətləndirilməsidir. Bu mənada, imkan verilməz ki, kimlərinsə korporativ maraqlarına və Azərbaycan dövlətinə zərbə vurulsun.
"Səs" Analitik Qrupu