PDF Oxu

Siyasət

  • 5

Heydər Əliyev Fondunun muğam sənətinə növbəti töhfəsi

Heydər Əliyev Fondunun muğam sənətinə növbəti töhfəsi

Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu qurum olaraq humanitar layihələrinin miqyasını daha da genişləndirir. Fond səhiyyə, mədəniyyət, təhsil, sosial sahədə bir sıra layihələrini nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə gerçəkləşdirir.

Humanizm, xeyriyyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyətin məzmun və mahiyyəti diqqətdən kənarda qalmır. Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu mükafatlarına - YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adına, "Yaqut Xaç", "Şərəf Legionu", Böyük Komandor Xaçı ordenlərinə, "Qızıl Motsart" medalına, "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb və onlarla belə fəxri adların daşıyıcısıdır. 10 illik fəaliyyəti dövründə mədəni irsin, maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlər göstərən Mehriban xanım Əliyeva Azərbaycan milli dəyərlərinin təbliğində dünya sərhədlərini asanlıqla keçə bilib. Sərhədsiz Azərbaycan dünyasını yaradıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə musiqi sənətimizin yaşaması və gələcək nəsillərə ötürülməsi ilə bağlı nəşr etdirdiyi kitablar da milli-mənəvi irsimizə yüksək münasibətin olması ilə yanaşı, təbliği istiqamətində əhəmiyyətlidir. Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan xalçaları" kataloqunun nəşri, "Muğamı yaşadanlar" adlı bukleti, "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operalarının və musiqili komediyasının klavirlərinin hazırlanması və s. Azərbaycanın musiqi mədəniyyətinə olan diqqətdir. Eləcə də keçən əsrin əvvəllərində ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər 260 video və audio materiallar MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanıb. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, bütün halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

Bildiyimiz kimi, Azərbaycan musiqi sənətinin zəngin və möhtəşəm abidəsi olan muğam uzun tarixi bir yol keçərək əbədiyyətə qovuşmuş, milli və dünya mədəniyyəti üçün zəngin, mötəbər və mühüm bir abidə kimi YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilib. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, həmçinin muğamın qorunması, inkişafı və təşviqi, onun zənginliyinin və dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra uğurlu layihələr həyata keçirməklə bu sənətin - muğamın qorunması və daha geniş miqyasda təqdim olunmasına nail olub. Onun gerçəkləşdirdiyi "Azərbaycan muğamları" layihəsini xüsusilə qeyd etməliyik. Layihə çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu, Beynəlxalq Muğam Mərkəzi, Muğam Müsabiqəsi Proqramı gerçəkləşib.

Qeyd edim ki, Heydər Əliyev Fondu dərc etdirdiyi nəşrlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilib və bir çoxu dünya kitabxanalarına hədiyyə olunub. Bütün bu görülən işlərin davamıdır ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində "Muğam haqqında əlyazmalar toplusu" nəşr edilib. Topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir. 3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab "Behcətür-ruh"dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli məlumatlar yer alıb. Əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli məlumat mənbəyinə çevrilib.

2-ci kitab "Musiqi haqqında risalələr" adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşayiət olunur. Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdığı digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar yer alıb. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb. "Muğam üstündə oxunan şeirlər" adlanan 3-cü kitabda Pirinin, Hüdayinin, Yunus İmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanılıb.

Heydər Əliyev Fondunun bu layihəsi mədəniyyətimizə növbəti töhfədir. Bu nəşr bir daha Azərbaycan muğam sənətinin qədim tarixi və bu tarixi yaşadan, yaradan sənətkarlarla tanışlıq imkanını verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər