"Hazırki dönəmdə Krım hadisələrinə Azərbaycan daxilindən hansısa bir əlaqələrin meydana çıxarılması və öz aləmlərində tatarların haqlarını müdafiə adı altında milli bir həmrəylik göstərilməsi, aşkar şəkildə ölkə maraqlarına zərbədir". Bunu SİA-ya millət vəkili Zahid Oruc ölkə müxalifətinin erməni təşkilatlarının dəstəyi ilə Krım hadisələrinə müdaxiləsinə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, bu addım heç bir halda müxalif fəaliyyət prinsipləri ilə də izah oluna bilməz: "Bu planların onların öz istəyi ilə həyata keçirildiyinə mənim ciddi şəkildə şübhəm var. Düşünürəm ki, bir müddət öncə özünü Rusiyayönümlü layihənin içərisində əridən bu dairələr indi Qərb planında yer almaq üçün dəridən-qabıqdan çıxırlar. Əslində bu, Krım tatarlarına vurulan ən böyük zərbədir. İş ondadır ki, hazırda orada yaşayan 250 minlik əhalinin üzərində çox uzaqlara söykənəcək planlar qurulur. Hər bir müharibə aparan tərəf də o qüvvələri özlərinə tərəf çəkmək istəyirlər. Bununla belə, çox təəssüf ki, Krım tatarlarının hazırki dönəmdə rəhbərləri də hadisələrin arxasınca sürünür və gerçəklikdə baş verənlərin mahiyyətini anlamır. Onlar Ukrayna və Rusiya arasındakı savaşı Qərb dairələrinin Rusiyaya qarşı həyata keçirdiyi təzyiq siyasətinin bir alətinə çevirirlər. Axı burada Azərbaycan vətəndaşlarının hansı rolu ola bilər?"Z. Oruc hesab edir ki, müxalifət Azərbaycan kimi müstəqil bir ölkəni qlobal bir savaşın predmetinə çevirmək üçün addımlar atır: "Guya həmin şəxslər Krıma gedib nə edəcəklər? Bunlar bəyəm beynəlxalq vasitəçidirlər, xüsusi bir sülhməramlı və yaxud hansısa mandat daşıylar? Axı onlar kimdirlər? Orada ermənilərin də beçinci kalona kimi fəaliyyətləri başlayıb. Çox güman ki, onlar bizim xeyli dayaz təfəkkürlü, eləcə də siyasi cəhətdən savadsız şəxslərin fəaliyyətindən də bəhrələnməyə çalırlar. Ümumiyyətlə, bəziləri 1990-cı illərdəki səhnəni Azərbaycanda təkrarlamaq istəyirlər".
sia.az