Martın 14-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Gənclər və İdman Nazirliyi arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması" layihəsi üzrə niyyət protokolu imzalanacaqdır.
Niyyət protokolunda 2014-cü ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumunun təşkilinin dəstəklənməsi və BMT modeli konfranslarının Azərbaycanda institutlaşdırılması nəzərdə tutulmuşdur.
Oktyabrın 28-30-da keçirilməsi nəzərdə tutulan Gənclər siyasəti üzrə I Qlobal Forumunun məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən olunması, o cümlədən "Gənclər siyasətinin yaradılması və həyata keçirilməsi üçün tövsiyələr" adlı sənədin hazırlanması və qəbul edilməsidir.
Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, o cümlədən BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, UNESCO və Avropa Şurasının təşkilati dəstəyi ilə keçiriləcəkdir.
BMT modeli konfranslarının institutlaşdırılması təşəbbüsü 2013-cü ilin oktyabrında Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı nəticəsində kibertəhlükəsizlik mövzusunda Bakıda keçirilən BMT Təhlükəsizlik Şurasının model konfransının uğurundan sonra yaranmışdır. Bu istiqamətdə Milli BMT modeli mexanizminin və ya şəbəkəsinin yaradılması, növbəti illərdə milli və beynəlxalq BMT modeli konfranslarının keçirilməsi nəzərdə tutulmuşdur.
yap.org.az