PDF Oxu

Siyasət

  • 36

Bakıda MDB Parlament Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçirilmişdir

Bakıda MDB Parlament Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçirilmişdir

Martın 13-də Azərbaycan Respublikası Milli Məclisində MDB Parlamentlərarası Assambleyasının büdcə nəzarəti komissiyasının iclası keçirilmişdir.

İclası açan Qırğızıstan Respublikası parlamentinin - Joqorku Keneşin üzvü Maksat Sabirov komissiyanın 2013-cü ildəki fəaliyyətinin yekunları barədə məlumat vermişdir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasın Bakıda keçirilməsinin MDB-yə üzv ölkələr arasında əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirmişdir. O, iclasda müzakirə olunacaq məsələlərin, qəbul olunacaq qərarların əməkdaşlığın gələcəkdə daha da inkişafına töhfə verəcəyini qeyd etmişdir.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkəmizin son on ildə sosial-iqtisadi inkişafına dair məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı daha da sabit olmuş, sürətli inkişaf əldə edilmişdir. Nazir müavini bildirmişdir ki, bu gün Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır. Son on ildə iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkələrdəndir. Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 70 faizdən artığı Azərbaycanın payına düşür. N.Səfərov bildirmişdir ki, son illər iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu xeyli artmış, yeni sənaye müəssisələri yaradılmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları dəfələrlə artaraq 50 milyard dolları keçmişdir.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunmuşdur.

Joqorku Keneşin üzvü Maksat Sabirov komissiyanın növbəti müddətə sədri seçilmişdir. Toplantıda, həmçinin MDB PA-nın 2014-cü il üçün iş planı, "MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında" qərar layihəsi müzakirə olunmuş, maliyyə və təşkilati məsələlərə baxılmışdır. Bundan başqa, MDB Dövlət Başçıları Şurası və MDB Hökumət Başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Yığıncaqda Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinlənilmişdir.

yap.org.az

Digər xəbərlər