Cənab İlham Əliyev: "Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir"
Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycan bu gün bütün dünyanı sürətli inkişafı ilə heyran edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrə olduğu kimi turizmin inkişafına da xüsusi diqqət ayrılıb. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturununun yaradılması sahəsində məqsədyönlü işlər görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası dövlət tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisidir.
Məlumdur ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Prezidentin Sərəncamı ilə təsdiq edilən regionların-sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərin bir çoxu həllini tapıb. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərir. Belə ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, ölkəmizin bir sıra regionlarında Lənkəran şəhərinin, Tovuz, Gədəbəy, Oğuz, Masallı və Astara rayonlarının turizm inkişaf planı hazırlanıb.
Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Bildiyimiz kimi, Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi və dünyanın müxtəlif ölkələrindən buraya turist axını var idi. Bu gün Azərbaycanın beynəlxalq turizm mərkəzinə çevrildiyi zamanda artıq Naftalanda iki otel fəaliyyət göstərir, üçüncüsü də tikilir. "Qalaaltı" müalicəvi mərkəzinin bərpası da yekunlaşmaq üzrədir ki, bu da kurort turizminin inkişafına müsbət təsirini göstərəcək. Göründüyü kimi, turizmin inkişafı ilə bağlı böyük işlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər".
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.
Onu da vurğulayaq ki, artıq ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır. Televiziya kanallarında nümayiş olunur. Son 10 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb.
Ötən illərdə olduğu kimi, görülən işlər bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan neçə-neçə belə məzmunlu tədbirlər ərəfəsindədir. Azərbaycanda birinci Avropa Oyunlarının, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, musiqi və idman yarışlarının keçiriləcəyi bir məkana turistlərin axının sürətli olacağına heç şübhə yoxdur. Turistlərin sayında ilbəil artım müşahidə olunur ki, 2020-ci ilədək ölkəmizə gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılmasının qarşıya məqsəd olaraq qoyulması da elə bu gerçəkliklərdən qaynaqlanır.
Nəzakət ƏLƏDDİNQIZI