Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprel ayının 7-11-də keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanmışdır.
Sessiyanın ilk günü AŞPA sədrinin qış sessiyasından ötən dövr ərzində qurumun fəaliyyəti barədə hesabatı dinləniləcək, gündəlik təsdiq olunacaq, təşkilatın bürosunun və daimi komitənin qış sessiyasından sonra gördüyü işlər ətrafında müzakirələr keçiriləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kunz sonuncu dəfə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışacaq, deputatların suallarına cavab verəcək və sərbəst müzakirələr aparılacaqdır.
Aprelin 8-də öz işini davam etdirəcək sessiyada Serbiya və Slovakiyadan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, insan haqları komissarının 2013-cü ildəki fəaliyyəti dinləniləcək, Qırğızıstan parlamentinin demokratiya sahəsində AŞPA ilə əməkdaşlığa dair müraciəti, Avropada milli azlıqların hüquqlarının vəziyyəti və Avropada müasir köləlik və rəftar məsələləri müzakirə olunacaqdır.
Sessiyanın sonrakı günlərində internet istifadəçilərinə himayənin və təhlükəsizliyin yaxşılaşdırılması, internetə giriş hüququ, habelə Vətəndaşlıq haqqında Avropa Konvensiyasının yerinə yetirilməsi, qaçqınların və məcburi köçkünlərin iş hüququ, Avropada uşaqların yoxsulluğu və digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.
Sessiyanın gedişində Avstriya Prezidenti Haynts Fişer deputatlar qarşısında çıxış edəcək və suallara cavab verəcəkdir.
Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rafael Hüseynov və Sevinc Fətəliyeva məruzə ilə çıxış edəcəklər.
AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi salınmamışdır.
yap.org.az