PDF Oxu

Siyasət

  • 39

Hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür

Hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür

Dövlət başçısı İlham Əliyevin "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamı qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır

Hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır" söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi son illərin uğurları fonunda əsaslandıraraq bildirdi ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər bu ili də uğurla başa vuracağımıza imkan yaradacaq: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir." Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyev bölgələrin malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm addımlar atmışdır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində son on ildə bir milyon 200 mindən artıq yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq 5,3 faizə enib. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Son on ildə sahibkarlığın inkişafına böyük diqqət göstərilərək, Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulub, güzəştli şərtlərlə kreditlər verilib. Dövlət başçısı İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə imzaladığı 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da bu sahəyə diqqət və qayğının tərkib hissələrindəndir. Son on ildə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurlu icrası nəticəsində sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb, bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Ölkəmiz uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində inkişafın elə bir səviyyəsindədir ki, qazanılan uğurlar bu sahəyə diqqətin artırılmasını daha da aktuallaşdırır. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin ölkədə "Sənaye ili" elan edilməsi, 12 mart 2014-cü il tarixli sərəncamı ilə "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Daim vurğulandığı kimi, hər bir ilin konkret sahənin adı ilə bağlanması, o istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir.

Ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub

Ölkə Prezidentinin 2014-cü ilin "Sənaye ili" elan edilməsi haqqında sərəncamında da qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərəhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Ötən il tarixdə "İKT ili" kimi qaldı. Hər bir ölkənin gələcək inkişafında yeni texnologiyaların rolunu önə çəkən dövlət başçısı İlham Əliyev bu yeniliklərin bütün sahələrdə öz əksini tapmasının zəruriliyini diqqətə çatdırır. Müasirləşmək, yeniləşmək dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir. Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmlərindən bəhs edərkən, peşəkar kadr məsələsi də vacib amil kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub: "Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir."

Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından xüsusi diqqət çəkir. Ötən il ümumi iqtisadi artım 6 faiz, qeyri-neft sektoru 10 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində prioritet məsələ olması beynəlxalq tədbirlərdə də yüksək dəyərləndirilir. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də bu uğurlu siyasətdən qaynaqlanır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının, eyni zamanda regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb.

Qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsinin yaradılması, mütərəqqi təcrübələrin tətbiqi ilə ölkədə sənayenin tam və mütləq inkişafına nail olunması, möhkəm maddi bazaya, təbii resurslara malik iqtisadiyyatın gücləndirilməsi istiqamətində görüləcək işlərin təməli bir neçə il bundan əvvəl qoyulub. Regionlarda yerli xammallar əsasında fəaliyyət göstərən iri tutumlu sənaye obyektləri ən müasir texnologiyalarla təmin olunub. İki mərhələdə həyata keçirilən və uğurla başa çatdırılan Dövlət Proqramlarının reallaşdırıldığı dövrdə ölkədə daxili bazarı yerli məhsullarla təmin edən, ixrac sahəsində önəmli yeri olan iri müəssisələrin istehsal imkanları artırılıb. Respublikada aparılan tikinti işlərinin sürətlənməsində başlıca amil olan iri həcmli istehsal gücünə malik sement zavodlanın istifadəyə verilməsi, Sumqayıt texnoparkı kimi yüksək keyfiyyətli məhsul istehsal edən, müasir tələblərə cavab verən müəssisələrin yaradılması qəbul olunan üçüncü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında da əhəmiyyətli məsələ kimi qarşıya qoyulub. Ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və alüminium sənayesi inkişaf etdiriləcəkdir. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaq. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması ilə iqtisadi zonaların yaradılması, qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətinin yeni mərhələ üzrə inkişafı qarşıdakı illərdə görüləcək işlərin əsas istiqamətini təşkil edəcək.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi qarşıdakı illərdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensialı nəzərə alınmaqla hər bir iqtisadi rayon üzrə sənaye şəhərciklərinin (o cümlədən, Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması sənayenin inkişafına təsir edəcək amillərdəndir.

Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması ölkə iqtisadiyyatının gücləndirilməsində başlıca amillərdəndir. Ekspertlərin vurğuladığı kimi ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlərin tətbiqi, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı səmərə verəcəkdir. Valyuta ehtiyatları 50 milyard dollara çatan ölkəmizdə ötən il iqtisadiyyata qoyulan sərmayənin 28 milyard dollar təşkil etməsi də müsbət göstərici kimi diqqətə çatdırılır. Daxili investisiyanın (17,5 milyard dollar) xarici sərmayəni üstələməsi ölkə iqtisadiyyatının davamlı inkişafının göstəricisidir. Artıq üçüncü Dövlət Proqramı təsdiqlənib. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, bu proqram da vaxtında icra olunacaq və ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə, qəsəbəyə səfəri yeni müəssisələrin istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Yeni müəssisələrin açılması yeni iş yeri deməkdir.

Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, işsizliyin və yoxsulluğun azaldılması əsas vəzifə kimi qeyd olunur.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha bildirildi ki, cari ildə qarşıda duran bütün vəzifələrin uğurlu icrasına əsas var. İnvestisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması- bütün bu amillər ölkəmizin uğurlu inkişafını stimullaşdıracaq.

Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yerlərdədir

Dünya miqyasında mövqeyi möhkəmlənən Azərbaycanın sosial- iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlərin beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirməsi ölkədə aparılan davamlı islahatların məntiqi nəticəsi kimi maraq doğurur. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doinq Busines"in hesabatlarında ölkəmizin iqtisadiyyatı ilə bağlı qiymətləndirmədə hiss olunan yüksəlmə tendensiyası, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 39-cu yerdə olması, MDB və region ölkələri arasında liderliyini qoruması müstəqillik illərində aparılan düzgün, məntiqli siyasətin göstəricisi olmaqla respublikada ictimai münasibətlər sisteminin formalaşdırılmasının təzahürüdür. Belə ki, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına daxil olmuş, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir.

"The Heritaqe Foundation" təşkilatının dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik "İqtisadi Azadlıq İndeksi-2014" hesabatında Azərbaycanın 178 ölkə arasında 81-ci yerdə qərarlaşması ekspertlərin də vurğuladığı kimi ölkədə həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların nəticəsidir. Belə müsbət dəyərləndirmələr, respublikada beynəlxalq səviyyədə sınanmış təcrübələrin, müasir standartların tətbiqi "bilik iqtisadiyyatına" keçid imkanlarını artırır. Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin Azərbaycanda "Sənaye ili" elan edilməsi bu baxımdan məntiqə və reallığa əsaslanır. " Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapır" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi qeyri-neft sektorunu gücləndirməklə neft amilindən asılılığın aradan qaldırılması bütün Dövlət Proqramlarında qarşıya qoyulan başlıca hədəflərdəndir. Hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycanın uğurları yeni-yeni hədəflərə yol açır. Ölkəmizin sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında ön yerlərdə qərarlaşması, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də uğurlarımızın tərkib hissələrindəndir.

Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi budur ki, düşünülmüş və məqsədyönlü siyasət gələcək barədə aydın təsəvvür yaradır, uğurların davamlılığının təmin edilməsinə stimul verir. Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi "Biz daim irəliyə baxmalıyıq" fikri də ötən illərə baxış fonunda gələcəyə böyük inamdan qaynaqlanır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıdakı on il üçün müəyyənləşdirilən hədəflərə işıq salmaqla yanaşı, onlara çatmaq üçün yol xəritəsi kimi dəyərləndirilməkdədir.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər