"Sənayeləşmə ili olan 2014-cü il uğurla başlayıb. Hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdirilir və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur". Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizdə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olub. Bu isə, öz növbəsində sənaye sahəsində də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb.
"Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Təsadüfi deyildir ki, Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması işləri həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkında 2 rezident qeydiyyata alınıb. Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi innovasiyalar əsasında sənayenin inkişafını, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edəcək"- deyə, nazir vurğulayıb.
yap.org.az