"Neft Fondunun yaradılması neft srategiyamızın vacib elementlərindən biri olmuşdur. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir. Fond üzərində beynəlxalq audit həyata keçirilir və o, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq edir. Buna görə də belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaqdır".
Bu sözlər yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin on üçüncü cildində dövlətimizin başçısının 2005-ci il oktyabrın 18-də Prezident sarayında ABŞ-ın "New York times", "Los Angeles times" qəzetlərinin, "Bloomberg" informasiya agentliyinin və "Dow Jones/CNBC" telekanalının müxbirlərinə müsahibəsindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin 2005-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfəri, Finlandiya, Latviya prezidentlərinin ölkəmizə rəsmi səfərləri, bir sıra xarici dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlərlə, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri, xarici KİV-ə verdiyi müsahibələr toplanmışdır.
Həmçinin kitabda dövlətimizin başçısının 2005-ci il oktyabrın 12-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasının başa çatdırılması və kəmərin xam neftlə doldurulması münasibətilə təntənəli mərasimdə iştirak etmək üçün Gürcüstana səfəri və orada Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşləri verilmişdir.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin on üçüncü cildində dövlətimizin başçısının Azərbaycan gənclərinin IV forumunun yekun toplantısında və ölkəmizdə parlament seçkilərinə dair keçirilmiş müşavirədəki nitqləri də yer almışdır.
Bu cilddə Prezident İlham Əliyevin respublikamızın Gəncə şəhərinə, Kürdəmir, Sabirabad və Qazax rayonlarına səfərləri də əksini tapmışdır. Kitabda, həmçinin Prezident İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərə, ölkə başçılarına, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinə ünvanlandığı məktublar da toplanmışdır.
Kitaba "Qeydlər", "Şəxsi adlar" "Coğrafi adlar" göstəriciləri də daxil edilmişdir.
On üçüncü cildə daxil olan materiallar 2005-ci ilin sentyabr ayından oktyabr ayınadək olan dövrü əhatə edir.
"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.
yap.org.az