Martın 14-də "ADA" Universitetində "Şimali Atlantika Alyansı XXI əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" mövzusunda mühazirə keçirilmişdir.
Mühazirədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Rumıniya xarici işlər nazirinin müavini Boqdan Auresku, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak etmişlər.
Çıxış edən B.Auresku NATO-nun fəaliyyəti və Alyansın ölkələr ilə əməkdaşlığı haqqında danışmışdır. O, NATO ilə Azərbaycan arasında əlaqələrə toxunaraq demişdir ki, rəsmi Bakı Alyansın çox mühüm tərəfdaşıdır. Rumıniya Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişaf etdirilməsinə daim dəstək verəcəkdir.
B.Auresku bildirmişdir ki, "Şərq tərəfdaşlığı" regionu strateji əhəmiyyət kəsb edir və buna görə də bu regionda mövcud olan bütün münaqişələr təhlükəsizlik üçün təhdiddir.
Rumıniya rəsmisi vurğulamışdır ki, ölkəsi Azərbaycan ilə strateji əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəkdir.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov demişdir ki, "Şərq tərəfdaşlığı" regionunda mövcud olan bütün münaqişələr ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməlidir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq prinsiplərə əsaslanır. O, həmçinin vurğulamışdır ki, rəsmi Bakı NATO ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verir.
Sonra mühazirə iştirakçılarının sualları cavablandırılmışdır.
yap.org.az