Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov aprelin 5-dən 11-dək BMT-nin İnsan Məskənləri (məskunlaşdırma) üzrə Mərkəzinin Kolumbiyanın Medellin şəhərində keçirəcəyi Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında məruzəçi qismində iştirak edəcəkdir. Gənc azərbaycanlı siyasətçinin forumda "Azərbaycanda idarəetmə prosesində gənclərin rolu" mövzunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.
Dünya Urbanizasiya Forumu 2001-ci ildə BMT-nin Baş Məclisi tərəfindən təsis edilmişdir. Forum insanların məskunlaşdırılması, urbanizasiya prosesinin sürətləndirilməsi, bunun yerli və milli iqtisadiyyata, iqlim dəyişikliyinə təsiri sahəsindəki problemlərin araşdırılması və təhlili ilə məşğuldur. 2002-ci ildə Nayrobidə keçirilmiş açılış sessiyasından sonra Forum öz fəaliyyət istiqamətlərini genişləndirmiş və onun sessiyalarında indiyədək ümumilikdə 10 min şəxs iştirak etmişdir.
yap.org.az