Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda (BMTİP, BMTƏP, UNİCEF), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkə inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədi ilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması, vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizminin hazırlanması və tətbiq olunması, təşkilat üzvlərinin iş təcrübəsindən asılı olaraq onların mütəmadi qaydada ölkədə keçirilən proqram və layihələrin icrasına cəlb olunması, Azərbaycan hökuməti ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi müzakirə olunan məsələlər arasında yer alır.Toplantıda "Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən Azərbaycanlı kadrlarla bağlı mövcüd vəziyyət və gələcək perspektivləri" mövzusuna həsr olunan plenar iclasda Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.Novruz Məmmədov çıxışında beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən, eləcə də qısa müddət ərzində müstəqil dövlət kimi əldə etdiyi uğurlardan bəhs edib.N. Məmmədov eyni zamanda tədbirin əhəmiyyətini vurğulayaraq, belə təşkilatlanmanın zərurətini ifadə etməklə, Azərbaycan dövlətinin və Dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini qeyd edib: "Azərbaycan artıq 23 ildir ki, müstəqil bir dövlət kimi öz inkişafını davam etdirir. Ölkəmiz inkişaf səviyyəsində bir sıra mötəbər qurumların göstəricilərinə görə çox yüksək səviyyədədir. Bu inkişafın göstəricilərindən biri də onun beynəlxalq təşkilatlarda nümayəndələri ilə əlaqələrinin yaradılmasıdır. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda 100-ə yaxın nümayəndəsi fəaliyyət göstərir. Onların hər birinin doğma vətəni Azərbaycandır. Bu baxımdan biz qərara gəldik ki, beynəlxalq və regional təşkilatlarda çalışan azərbaycanlıları bir araya gətirək və onlarla görüş keçirək. Beləcə onlar Azərbaycanın inkişafı ilə tanış olsunlar".PA rəhbərinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub: "Azərbaycanın, eləcə də regionun inkişafının qarşısındakı əsas maneə Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir və münaqişə hələ də həll olunmamış qalır".Plenar iclasda həmçinin xarici işlər nazirinin müavini Araz Əzimov, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TürkPA-nın keçmiş baş katibi Ramil Həsənov və BMT-nin Azərbaycan ofisinin Proqramlar rəhbəri Məzahir Əfəndiyev çıxış ediblər.
Daha sonra Beynəlxalq və regional təşkilatların Azərbaycanda fəaliyyət göstərən mərkəzləri barədə təqdimatlar olub. Dövlət Gömrük komitəsinin sədr müavini Şahin Bağırov "Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyəti", əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması" mövzusunda çıxış ediblər.Qeyd edək ki, toplantıya sabah yekun vurulacaq.
sia.az