"Ağac bar gətirdikcə, başını aşağı salar. Elə məmur övladları var ki, onların əldə etdikləri sərvətin, pulun, var-dövlətin deklorasiyası olmalıdır. Onların gəlirləri hardan gəlir, bilinməlidir. Bunun üçün deklorasiya haqqında qanuna ehtiyac var və Azərbaycanda bu qanun qəbul olunmalıdır. Deklorasiya olmayanda, onların bu qədər mal-mülkü haradan əldə etdiyi şübhə yaradır". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.Bəzi məmur övladlarının özbaşınalıqları haqqında danışan S. Rüstəmxanlı qeyd edib ki, məmur və vəzifəli şəxslərin övladlarının hərəkətləri cəmiyyət tərəfindən xüsusi həssaslıqla izlənilir: "Kimin övladı olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bir olmalıdır. Söz yox ki, tərbiyəsindən asılı olmayaraq, pis övlad da olur və bir ömür boyu bunun cəzasını valideyn çəkir. Ancaq əlindəki puldan, sərvətdən, atasının daşıdığı vəzifədən istifadə edərək özbaşınalıq etmək qətiyyən yolverilməzdir və belə halların qarşısı alınmalıdır. Bəzən mətbuatda da məmur övladları haqqında şişirtmələrə yol verirlər. Elə məmur övladı var ki, haqqında pis danışılır. Atasına görə onun da haqqında pis yazırlar. Amma sonradan münasibətdə olanda görürsən ki, elə deyil. Yəni hamısını da bir arşınla ölçmək olmaz".
sia.az