"Azərbaycan dünyada gedən proseslərə rəğmən ictimai-siyasi sabitlik, tolerantlıq regionu kimi özünü tanıtmaqdadır və öz daxili imkanlarını, vətəndaşının rifahına yönəldə bilən güclü dövlət təsirini bağışlayır". Bu sözləri SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova ölkə başçısının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi ilə əlaqədar imzaladığı Fərmanı ilə bağlı danışarkən deyib.Onun sözlərinə görə, inkişaf etməkdə olan bir ölkənin qısa müddətdə böyük uğurlar əldə etməsi ölkə başçısın gördüyü işlərin nəticəsidir: "Bilirsiniz ki, bu ilin yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Hesabatda son 10 ildə görülən işlərlə yanaşı Azərbaycanın iqtisadi- siyasi, sosial cəhətdən inkişaf istiqamətləri üzrə nəzərdə tutulan dövlət proqramları və onların yerinə yetirilməsi ilə bağlı məlumatlar verildi. Yekun tədbirində həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramı və onun nəticələri ilə bağlı konkret rəqəmlər və real həyatda faktlara söykənən fikirlər səsləndirildi. Dünyada gedən maliyyə böhranı və ayrı-ayrı regionlarda, ölkələrdə olan ictimai və siyasi kataklizmlər fonunda Azərbaycanın qısa müddətdə böyük inkişaf tempinə malik olması və ən əsası da onu qoruyub saxlaması həm ölkə daxilində, həm də ölkə xaricində yürüdülən siyasətin məntiqi nəticəsidir. 2013-cü ildə görülən işlər və nəticələr dövlətin çox vacib proqramlara və layihələrə malik olduğunu ortaya qoydu. Əlbəttə ki, rəqəmlərdə özünü göstərən inkişaf, həm də real həyatda özünü göstərir. Azərbaycanda bu illər ərzində yoxsulluğun miqyası son həddə qədər endirilib, işsizlik problemi demək olar ki, aradan qaldırılıb. İqtisadi inkişaf həyatın bütün sahələrini əhatə edib. Xüsusilə də qeyri-neft sektorunu inkişaf etməsi, sahibkarlığın, biznesin inkişafı, investsiya yatırımlarının artırılması, Azərbaycanın öz imkanlarının investisiya yatırımlarına yönəldilməsi və digər görülən işlər səmərəli idarəetmənin konkret nəticələridir".B.Muradova vurğulayıb ki, ölkədə aparılan islahatlar, görülən iş və fəaliyyət yalnız iqtisadi nəticələrin əldə edilməsinə yönəlməyib: "Görülən işlər həm də bu nəticələri necə əldə etmək, idarətetmənin səmərəliliyinin artırılması, şəffaflığın möhkəmləndirilməsi, məmur-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi, problemin həllinin yerlərə köçürülməsi, xüsusilə hökumət üzvlərinin regionlarda olması və vətəndaşların poblemlərinin yerindəcə həll edilməsi və digər bu kimi problemlərin həlli üçün hərtərəfli yanaşma ortaya qoyur. Hesab edirəm ki, 2020-ci ilə qədər qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün sadaladıqlarımız kifayət qədər ciddi fundament təşkil edir və biz bu nəticələri qısa zaman kəsiyində görəcəyik. Azərbaycan bu günə kimi dünyada neft, qaz ölkəsi kimi tanındığı halda, bundan sonra kosmik ölkələr klubuna qoşularaq, həm də sənaye ölkəsi kimi tanınacaq. Bunun üçün bütün resurs və potensialımız var".
sia.az