Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov və hakim partiyanın nümayəndələri Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olub. SİA-nın məlumatına görə, əvvəlcə YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov pansionatın yeni tikilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub.Bina ilə yaxından tanış olan YAP-ın Sədr müavininə Pansionatın direktoru Qətibə Əsədova tərəfindən bildirilib ki, yeni korpusda 170 nəfərin yaşaması üçün hər cür şərait yaradılıb: "Yeni korpusdakı otaqlardan 160-ı bir nəfərlik, beşi iki nəfərlikdir. Ölkədə daha iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Gəncədə, digəri isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundadır. Burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir".Binada yaradılan şəraitlə tanış olan Əli Əhmədov daha sonra pansionatda yaşayan ahıl insanlarla görüşüb.Pansionatın sakinləri qarşısında çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov onları Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının nümayənfələri əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir: "Bu qocalar evində biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanır, imkan daxilində kömək etməyə çalışırıq".Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir: "Bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın".Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram sovqatı təqdim olunub.Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak ediblər.
sia.az