Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasın gündəliyinə cari ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi barədə məsələlər daxil edilmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat vermişdir.
İdarə Heyətinin üzvləri məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirmişlər. İclasda geniş müzakirə aparılaraq müvafiq qərar qəbul olunmuşdur.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat vermişdir. O, çıxışında YAP Qadınlar Şurasının ötən dövr ərzindəki fəaliyyətini ətraflı təhlil etmişdir. Bildirmişdir ki, konfransa hazırlıq işləri müəyyən olunmuş qaydada gedir və tədbir nəzərdə tutulmuş vaxtda keçiriləcəkdir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bu məsələ barədə qərar qəbul etmişdir.
AzərTAc