PDF Oxu

Siyasət

  • 26

Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə ənənəvi Novruz töhfəsi

Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə ənənəvi Novruz töhfəsi

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Səbail rayon icra hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə tədbir keçirilibdir. Səbail rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gələn qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.

Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayab. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildiribdir.

Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb. Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmaları üçün Səbail RİH-in hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon icra hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıblar.

Hərbi hissə komandanlığı adından çıxış edən "N" saylı hərbi hissənin komandir müavini polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon icra hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissəinin rəhbər komanda heyəti ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak ediblər. Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülər qarşısında böyük konsert proqramı ilə çıxış ediblər.

Qonaqlar, həmçinin hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etdikdən sonra, Səbail rayon icra hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunubdur. Tədbirdən sonra bayram münasibəti ilə nümunəvi xidmətə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılmış 6 nəfər əsgər Səbail RİH-in nümayəndələri tərəfindən evlərinə çatdırılıb və bu da onların ailələri üçün bayram sürprizi olubdur.

R.HÜSEYNOVA

Digər xəbərlər