Qırğızıstan Milli Elmlər Akademiyası D.Alışbaev adına İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Toktobyu Dıykanbayeva ötən il Azərbaycanda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuşdur.
Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən T.Dıykanbayeva demişdir: "Forumda Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı iştirakçıların alqışları ilə qarşılandı. Dövlət başçısı çıxışında iqtisadiyyatın bütün sahələrinə toxundu, Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışdı. Mən bir alim kimi deyə bilərəm ki, bu uğurlar çox böyükdür. Cəmi 10-15 ilə tənəzzülə uğrayan ölkəni bu səviyyəyə qaldırmaq hər siyasətçiyə və hər ölkəyə nəsib olmur".
Onun sözlərinə görə, Azərbaycanın uğuru bir də ondan ibarətdir ki, müstəqillik illərində dövlətin əsas istiqamətlərini dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəyyənləşdirmişdir. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və Azərbaycan bütün sahələrdə güclü inkişaf yolu tutmuşdur.
Bakıda keçirilən Humanitar Foruma dünyanın iqtisadiyyat sahəsinin məşhur alimlər də dəvət olunmuşdular. Onlar öz çıxışlarında iqtisadi inkişafın əsas meyarı kimi insan xoşbəxtliyini göstərmiş, həm iqtisadi, həm də humanitar sahədə çətinliklərin dəf edilməsi yollarından söhbət açmışdılar.
Alim daha sonra demişdir: "Dünyada analoqu olmayan Forum başa çatdıqdan sonra mən bir qrup nümayəndə ilə Naxçıvana getdim. Heydər Əliyevin Vətəni gözəl havası, möhtəşəm dağları ilə məni valeh etdi. Naxçıvan gözəl şəhər kimi həmişə yaddaşımda qalacaqdır. Diyarşünaslıq muzeyində Heydər Əliyevin həyat və fəaliyyətini addım-addım əks etdirən fotoşəkillər və eksponatlarla tanış olmuşduq. Sonra şəhəri gəzdik və insanlarla tanışlıq bizdə dərin təəssüratlar yaratdı. Bir sözlə mən Azərbaycana və onun qonaqpərvər insanlarına vuruldum, özümə çoxlu dostlar tapdım və əminəm ki, bu dostların sayəsində bu gözəl ölkəyə yeni-yeni səfərlər edəcəyəm".
AzərTAc