Martın 27-28-də Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərin ümumi əmək bazarının mərhələli formalaşması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyası və 2014-2015-ci illərdə ümumi əmək bazarının mərhələli formalaşması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi üzrə Prioritetli tədbirlər layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
Bu haqda təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətində məlumat verilmişdir.
Konsepsiya ümumi əmək bazarının formalaşmasının məqsədinə, prinsiplərinə, vəzifələrinə və mərhələlərinə, əmək və sosial münasibətlər sahəsində siyasətin prioritetlərinə və reallaşdırılması mexanizmlərinə, həmçinin ümumi əmək bazarının normativ-hüquqi bazasının yaradılmasına və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə baxışlar sistemidir.
Sənədin layihəsi 2020-ci ilə qədər olan dövrdə MDB-nin İqtisadi İnkişafı Strategiyasının reallaşdırılması məqsədilə beynəlxalq normativ-hüquq aktlar əsasında işlənib hazırlanmışdır.
Ümumi əmək bazarının formalaşması dedikdə, MDB-nin iştirakçıları olan dövlətlərdə işçi qüvvəsinin təkrar istehsalı, tənzimlənməsi, mübadiləsi və səmərəli istifadəsi üzrə, Birlik ölkələrinin ümumi əmək və intellektual potensiallarından istifadənin səmərəsinin artırılmasına yönəldilmiş, razılaşdırılmış tədbirlər sistemi başa düşülür.
Ümumi əmək bazarının formalaşması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi üzrə Prioritet Tədbirlər Layihəsi bu prosesin hüquqi, metodik, informasiya və təşkilati təminatına aid olan dörd bölmədən ibarətdir.
Elə həmin günlərdə, martın 27-28-də Minskdə, MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin Təhsil Sahəsində Əməkdaşlıq Şurasının Beynəlxalq Pedaqoji Ustalıq Festivalı haqqında Əsasnamə layihəsinin reallaşdırılması üzrə işçi qrupunun iclası olacaqdır.
Belə bir forum təşkil edilməsi təşəbbüsü Belarus Respublikasının Təhsil Nazirliyinə tərəfindən irəli sürülmüşdür. Festival haqqında Əsasnamənin layihəsini də Belarus tərəfi işləyib hazırlamışdır.
Sənədə əsasən, Beynəlxalq Festivalın təsisçiləri MDB ölkələrinin təhsil (və elm) nazirlikləri olacaqlar, Birliyin iştirakçıları olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu isə Festivalın həmtəsisçiləri qismində çıxış edə bilərlər. Festivalın məqsədi MDB-nin iştirakçıları olan dövlətlərin istedadlı pedaqoji işçilərini üzə çıxarmaq, onların iş təcrübəsini beynəlxalq səviyyədə yaymaq, cəmiyyətdə təhsilin prioritetlərini müəyyən etməkdən ibarət olacaqdır.
Forumun üç kateqoriya üzrə keçirilməsi təklif edilir: usta-müəllim, usta-tərbiyəçi və usta-psixoloq.
yap.org.az