Bu gün Laçın rayon icra hakimiyyətinin təşəbbüsü ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş nitqi ilə açan Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov bildirib ki, əraziləri işğal olunan rayonlarımız üzrə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında hərbi ixtisaslara yiyələnmək üçün marağın artırılmasını stimullaşdırmaq və onların xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinə cəlb olunmalarına üstünlük verilməsi olduqca vacibdir.Daha sonra çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, orta məktəblərdə müəllimlərin hərbi vətənpərvərliyin təbliğatı ilə məşğul olmaları istənilən səviyyədə deyil: "Sovet dövrününü bir çox mənfiliklərinə baxmayaraq, ümumtəhsil məktəblərində hər gün vətənpərvərlik mövzusunda təbliğat işi aparılırdı. Təəssüf ki, indi bu istiqamətdə marifləndirmə işləri aparılmır".Baş nazirin müavini işğal altında olan rayonların orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnmək istəməməsinə görə də təəssüfünü ifadə edib: "Ötən dərs ilində işğal altında olan 10 rayondan orta məktəb buraxılışında cəmi 30 uşaq hərbi liseyə və hərbi akademiyaya qəbul olub. Vətən hamımızındır. Ona görə də, hər bir azərbaycanlıda vətənpərvərlik hissi yüksək olmalıdır. Torpaqları işğaldan azad etmək üçün güclü ordumuz var. Yeni müdafiə nazirimiz də ordumuzun güclənməsi üçün çalışır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ordu xalqdan, xalq da ordudan ibarətdir. Ordumuzda cəmi 422 nəfər işğal olunmuş ərazilərin sakinlərindən ibarət zabit orduda xidmət edir".Ə. Həsənov əsgərə qarşı münasibətin dəyişməsindən də danışıb: "Əvvəllər hər kəs əsgərə hörmətlə yanaşırdı. İndi isə əsgərə xalqın münasibəti tamam dəyişib. Yolda əsgər saatlarla dayanır, ancaq heç kim ona fikir vermir. Bu nə deməkdir? Budurmu azərbaycanlının orduya olan münasibəti? Belə münasibətlə qarşılaşan ordu nə edə bilər? Bu cür orduya kim getmək istəyər? Bu gün hər kəs biznesmen olmaq niyyətindədir. Ancaq hər kəs biznesmen ola bilməz. Ona görə də hər kəs öz qabiliyyətinə uyğun sənətə yiyələnməlidir. Biz bu məsələni belə qoymayacağıq. Ona görə də bu məsələni böyüdəcək və həllinə çalışacağıq".Daha sonra tədbirdə iştirak edən hərbi ekspertlər, müdafiə nazirliyinin nümayəndəsi, rayon sakinləri və Laçın rayonundan olan və hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri çıxış ediblər.
sia.az